Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi Vitor Pereira ilə yollarını ayırır.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, klub bir müddətdir baş məşqçi ilə problemlərini həll edə bilmir. “Fənərbaxça” idarəçiləri portuqaliyalı məşqçi ilə müqaviləni iki tərəfli olaraq ləğv etmək istəyir.
Klubda futbolçuların da baş məşqçi ilə münasibətləri normal deyil. Belə ki, keçən il böyük ümidlərlə transfer edilən Robin Van Persi də Peirera ilə yola getmir.
Klubun məşqlərini artıq yerli məşqçilər idarə edir. Prezident Əziz Yıldırım bu həftə ərzində Pereira ilə yolların ayrılmasını rəsmləşdirmək niyyətindədir.
Klub artıq Pereiranın yerinə gətirilə biləcək baş məşqçi axtarışındadır.
Qeyd edək ki, klub baş məşqçi ilə müqaviləni birtərəfli qaydada ləğv edəcəyi təqdirdə, ona gələn ilin də maaşını ödəməlidir. Bu da ümumilikdə 4 milyon avro vəsait edir.