Türkiyənin “Qalatasaray” futbol komandası ilə Çempionlar Liqasının qrup mərhələsindəki oyun öncəsi İtaliya “Yuventus”u itkiyə məruz qalıb. Lent.az-ın məlumatına görə, “Qoca Sinyora”nın futbolçusu Karlos Teves “Torino” ilə derbi matçında xəsarət alıb.
Rəqib oyunçu Çiro İmmobilə ilə toqquşma nəticəsində o, topuq nahiyəsindən zədələnib. Argentinalı hücumçunun 3 həftəyədək sıradan çıxdığı açıqlanıb. Bu isə o deməkdir ki, Teves oktyabrın 2-də “Qalatasaray”la ev oyununu buraxacaq.
Qeyd edək ki, İtaliya çempionatının 6-cı turunun Turin derbisində “Yuventus” qələbə qazanıb – 1:0. Yeganə qolu 54-cü dəqiqədə Pol Poqba vurub. Bu nəticədən sonra “Yuve” turnir cədvəlində 16 xalla 3-cü pilləyə yüksəlib.