“Paris Sen-Jermen”in hücumçusu Neymar “Barselona” ilə şəxsi müqaviləyə razılaşıb.
Lent.az xarici mətbuata istinadla bildirir ki, şəxsi razılaşma müqavilənin bir il uzadılması ilə iki illik əməkdaşlığı nəzərdə tutur. Neymarın maaşı ildə 13 milyon avro ola bilər. Braziliyalının Kataloniyanın paytaxtına köçürülməsi üçün PSJ ilə razılaşma lazımdır.
Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Bu, braziliyalı üçün vətənindən kənarda ilk klub idi. 2017-ci ildən bəri hücumçu Fransada beş çempionluq qazandığı PSJ-nin rənglərini qoruyur. Onun parislilərlə müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Neymar ötən mövsüm liqada 20 oyun keçirib, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.