Karyerasının sonunda "Real Sosyedad"da çıxış edən David Silva əzələ zədəsi səbəbindən futboldan ayrıldığını açıqlayıb.
Lent.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi David Silva sosial media hesabında futbolla vidalaşıb.
"Bu gün mənim üçün kədərli bir gündür. Bu gün həyatımı həsr etdiyim işlə vidalaşmağın vaxtıdır. Ailəm olan həmkarlarımla vidalaşmağın vaxtıdır. Mən sənin üçün çox darıxacağam. Ches, Armeros, Celtinas, Citizens və Txuri Urdines. Özümü evimdəki kimi hiss etdirdiyiniz üçün təşəkkür edirəm”, - deyə o bildirib.
“Valensiya”, “Eybar”, “Selta Viqo”, “Mançester Siti”, “Real Sosyedad” və İspaniya millisi ilə ümumilikdə 869 matçda forma geyinən ispan yarımmüdafiəçi bu matçlarda 156 qol vurub, 226 məhsuldar ötürmə edib.
Eyni zamanda, 37 yaşlı futbolçu karyerasında Dünya Kuboku Çempionu, Avropa Çempionatı və İngiltərə Premyer Liqa Çempionluğu kimi bir çox uğurlara imza atıb və ümumilikdə 20 kuboku başı üzərinə qaldırıb.