“Bakıdakı oyundan dərhal sonra Budapeştə qayıtdıq, Macarıstana səhər saatlarında çatdıq. Cümə axşamını bərpa etməklə keçirdik, ertəsi gündən etibarən tam sürətlə məşqimizi edirik”.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Ferensvaroş”un baş məşqçisi Stanislav Çerçesov deyib.
Macarıstan klubunun rəsmi saytına açıqlama verən rusiyalı mütəxəssis cavab görüşü üçün iddialı danışıb: “İlk matçın nəticəsi pis deyil, 1:1 hesabı o deməkdir ki, irəliləmək üçün yaxşı şansımız var və bunu etmək istəyirik. Rəqib qapısı önündə daha qətiyyətli və dəqiq olmalıyıq. Hər halda müdafiədə səhv etmək olmaz. Çünki Bakıdakı matçda gördük ki, “Qarabağ” təhlükəli hücumlar edir və boşluqlardan ildırım sürəti ilə yararlanır. Cavab görüşünə mümkün qədər yaxşı hazırlaşmaq üçün əlimizdən gələni edəcəyik. “Qrupama Arena”da dolu tribunalar önündə, fantastik azarkeşlərimizin köməyi ilə növbəti mərhələyə adlamaq üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, avqustun 9-da Budapeştdə keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.