Başlandı:  500 milyon insanın gözü Bakıda
11 iyun 2021 12:50 (UTC +04:00)

Başlandı: 500 milyon insanın gözü Bakıda

Bakı futbol üzrə Avropa çempionatının keçiriləcəyi şəhərlər arasında populyarlığına görə ilk üçlükdə yer alıb. Bu barədə Rusiyanın TurStat portalı bildirib. 

Əslində Bakının adı bu siyahıda təsadüfi deyil. Söhbət ondan gedir ki, ölkəmizin paytaxtı indiyədək bir çox önəmli idman yarışmasına sahiblik edib. Amma etiraf edək ki, futbol bir ayrı bayramdı. Və biz bu bayramı bir dəfə yaşamışıq. İki il əvvəl Avroliqanın “Çelsi”- “Arsenal” finalını elə yüksək səviyyədə təşkil etdik ki, təşkilatçılıq UEFA-da ən yüksək səviyyəsində belə etiraf edildi. 
Əslində, Azərbaycanın uğur hekayəsi, sürətli inkişafı, müasir idman infrastrukturuna malik olması, bir çox beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsi və bu sahədə böyük təcrübə toplaması ilə bağlıdır. Azərbaycanın müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir. Bu, həm də təşkilatçıların Azərbaycanın gücünə və potensialına olan inam və etimadın təzahürüdür. Və nəhayət az qala bir həftə zaman aralığında Azərbaycanın dünyaca məşhur “Formula 1” yarışına və AVRO-2020-nin 4 oyununa ev sahibliyi etməsi ölkəmiz üçün tarixi hadisədir. 
Bütün bu tədbirlər Azərbaycanın dünyada tanıdılmasına öz töhfəsini verib. Təsadüfi deyil ki, məhz bu tədbirlər zamanı və ondan sonrakı müddətdə Azərbaycana çoxsaylı turistlər gəlib. Turist səfərləri isə həm də ölkəmizin büdcəsinə əlavə vəsaitin daxil olması deməkdir. 
İllər öncə qitənin ən böyük futbol turnirinin 4 oyununu Bakıya etibar edilməsi də təsadüfi deyil. Çünki Azərbaycan indiyə qədər I Avropa oyunlarına, “Formula 1” yarışlarına, İslam Həmrəylik Oyunlarına, Avroliqanın final matçına, saysız-hesabsız beynəlxalq yarışmalara ev sahibliyi edib. Bundan əlavə heç kimə sirr deyil ki, Bakı idman yarışlarının keçirilməsi üçün unikal infrastruktur olan ən yaxşı Avropa şəhərləri sırasındadır. Bakı həm də idman yarışlarının ən təhlükəsiz şəkildə keçirildiyi şəhər kimi adından söz etdirib və buna bütün dünya şahiddi. 
Ekspertlərin fikrincə, bu yarışlar Azərbaycanın post-pandemiya dövrünə hazırlığı üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın post-Covid dövrünün turizm mövsümünə və Qarabağı böyük turizm cənnətinə çevirməyə hazırlaşdığı bir dövrdə 500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula-1 yarışının və 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi ölkənin təbliğatına, turizm potensialının bərpa edilməsinə böyük təkan verəcək. 

Hə, bu gün böyük futbol həyəcanı başlayır. Amma Bakı soyuqqanlıdır. Çünki yuxarıda dediyimiz kimi, biz belə yarışları keçirməyə öyrəncəliyik. Biz hələ daha böyük yarışmaları qəbul edəcəyik. Çünki bizə inanırlar, etibar edirlər. 
Uğurlar, Bakı! 
 

# 2058
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar