Deputatlar meydanda hökm edə bilmədilər - REPORTAJ
13 may 2011 16:40 (UTC +04:00)

Deputatlar meydanda hökm edə bilmədilər - REPORTAJ

Məgər Tofiq Bəhramov adına Respublika stadionu Azərbaycan yığması və ya klublarının əksər halda sönük və məzmunsuz çıxış etməsi üçündür? Bəlkə də belədir. Və bəlkə də Azərbaycan futbolunun 100 illik yubileyi yaxınlaşmasaydı, belə də olacaqdı. Amma yaxşı ki, Mətbuat Şurası ilə Bakı Futbol Federasiyası belə stereotipə son qoydu. Əvvəl “Şəfa” stadionunda jurnalistlərlə polislər, sonra da mərkəzi arenada qələm əhli ilə deputatlar arasında yoldaşlıq görüşü təşkil etdi.


Lent.az-ın əməkdaşı kimi hazırladığım reportajda dostluq görüşü yazmıram. Çünki bəndənizin futbolçu yox, tamaşaçı kimi iştirak etdiyi Deputatlar – Jurnalistlər matçı (Respublika stadionunun tablosunda elə bur cür də yazılmışdı – E.M.) başdan-başa dostluq əhval-ruhiyyəsində keçən görüşə bənzəmədi. Baxmayaraq ki, oyun Premyer Liqa qarşılaşmalarından fərqli olaraq, dövlət himni ilə başladı. Həmin vaxt meydançaya yenicə daxil olmuşdum. Amma demə, görüş öncəsi maraqlı olay baş verib. Milli Məclisin tərkibi nə qədər gəncləşdirilsə də, futbol oynayan deputatlarımız özlərinin jurnalistlərdən yaşlı olduqlarının fərqinə varıblar. Ona görə də təşkilatçılar qarşısında şərt qoyublar ki, jurnalistlərin yaşı 30-dan aşağı olmamalıdır. Sanki Tofiq Bəhramov adına Respublika stadionu da bunlar üçün Milli Məclisin bir hissəsi imiş ki, deputatlıq yaşına hədd qoymağa səs veriblər. Bu məsələdə Siyavuş Novruzovun xüsusi canfəşanlığı nəticəsində “Xəzər” TV-nin əməkdaşı Emin Abbasov acıq edərək gedib. Amma qalsaydı, bəlkə də oynaya biləcəkdi. Çünki sonradan AzTV-nin əməkdaşı Sərxan Abışovla “Lider” TV-nin əməkdaşı Şəmsəddin Abbasova oynamaq imkanı yaradıldı.


Deputatlar komandasının heyətində nədənsə, veteran futbolçu Oqtay Abdullayev də çıxış edirdi. Yenə baş məşqçi kimi tapşırıqlarını versəydi, dərd yarıydı. O, futbol oynayırdı. Əvəzində “Bakı”ya 2006-cı ildə ilk çempionluq sevinci yaşatmış Böyükağa Hacıyev yenə kənarda qalmışdı. İndi ona, klublar bir yana, nə deputatlar, nə də jurnalistlər yaxın dururdu. Deputatların baş məşqçisinin kim olduğunu müəyyənləşdirmək çətin idi. Jurnalistlərə isə “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu ilə “Çempion” qəzetinin baş redaktoru Ürfan Məmmədli rəhbərlik edirdi. Lap İsveç yığmasının sabiq şərikli baş məşqçiləri Tommi Södeberqlə Lars Lagerbek kimi. Əsl mütəxəssis Hacıyev isə cəmi bir hissə duruş gətirdi. İkinci hissədə o, gözə dəymirdi.


Baş məşqçi işi özünü göstərirdi. Qələm əhlinin hücumları daha kəsərli idi. Qanunverici orqanın nümayəndələri meydançada hökmranlıq edə bilmirdilər. Onların sözü bəlkə də matçın hakimi Azad Mütəllimov üçün qanun idi. Çünki Mütəllimov millət vəkillərinə kömək fitini əsirgəmirdi. Vaxtaşırı futbol oynayan, meydançada bir-birini daha yaxşı başa düşən Siyavuş Novruzov, Adil Əliyev, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fuad Muradov, Ülvi Quliyev, Sabir Hacıyev və digər deputatlar heç də güclü oyun sərgiləmirdilər. Əvəzində ilk dəqiqələrdən jurnalistlərin üstünlüyü açıq-aşkar hiss olunurdu. İlk qolun ötürməsini ANS-çi Gündüz Abbaszadə verdi. Onun qapı qarşısına yönəltdiyi topu APA-nın baş direktorunun müavini Nurşən Quliyev gözəl baş zərbəsi ilə tora qovuşdurdu.



Deputatlar az sonra Qüdrət Həsənquliyevin ifasında bərabərlik qolunu vurdular. Əvəzində 3 top buraxdılar. “Çempion” qəzetinin əməkdaşı Anar Xanlarov meydançaya daxil olduqdan az sonra uzaqdan elə qüvvətli zərbə vurdu ki, rəqib komandanın qapıçısı Sabir Hacıyev seyrçi mövqeyi tutmaqla kifayətləndi. Bununla da jurnalistlər Hacıyevin zəif tərəfini aşkarladılar. Kimin əlinə top düşürdüsə, uzaqdan qapıya endirirdi. Bunların heç birinə qocaman qapıçı reaksiya verə bilmirdi. Təsadüfi deyil ki, Nurşən Quliyev özünün və komandasının sonrakı 2 qolunu məhz uzaqdan zərbələrlə vurdu. Artıq deputatlar böyük hesabla uduzurdular – 1:4. Fazil Qəzənfəroğlu hesab fərqini 2-yə endirdikdən sonra hakim faktoru öz sözünü deməyə başladı. Jurnalistləri mübahisəli qərarlarla təbdən çıxaran Mütəllimov əvvəl-axır istəyinə çatdı. İkinci hissənin əvvəllərində o, media əhlinin qol silahı Nurşən Quliyevi mübahisə etdiyi üçün meydançadan kənarlaşdırdı. Amma yenə də qol jurnalistlərdən gəldi - Abbaszadə fərqləndi. Azlıqda qalan jurnalistlər deputatların hücumlara keçməsinə də şərait yaratdılar. Baxmayaraq ki, ATV-nin aparıcısı İlkin Fikrətoğlu fərqin azalmasına qarşı çıxırdı. O, “Böyük hesabla qalib gələk, mən də gedim yazım ki, jurnalistlər Milli Məclisi topa tutdu” deyirdi. Millət vəkilləri də hətta 2 metrlik məsafədən belə qapıya dəqiq zərbə vura bilmirdilər. Bunu görən hakim onların köməyinə çatdı və penalti təyin etdi. Fazil Qəzənfəroğlunun zərbəsi dəqiq oldu. Qalan dəqiqələrdə Siyavuş Novruzov da bir qol vurunca, görüşün yekun nəticəsi müəyyənləşdi – 5:4.


Qarşılaşmadan sonra tablodakı hesab söndürüldü və mükafatlandırma mərasimi keçirildi. Təşkilatçılardan olan Bakı Futbol Federasiyasının I vitse-prezidenti Məzahir Süleymanzadə “Artıq tablodan hesab silinib. Bu, o deməkdir ki, dostluq qalib gəldi” dedi. Sonra o, Mətbuat Şurasının sədri Əflatun Amaşovla birgə hər iki komanda üzvlərini xatirə hədiyyələri və fəxri diplomla təltif etdi. Bundan başqa, Jurnalistlərin kapitanı Mahir Süleymanovla deputatların kapitanı Siyavuş Novruzova kubok verildi. AFFA da görüşə hədiyyə ilə gəlmişdi. Əvvəlcə Mətbuat Şurası ilə Bakı Futbol Federasiyasını 100 illik yubileyə verdikləri dəstəyə görə mükafatlandıran qurum yarış iştirakçılarına top paylamağı da unutmadı.


Beləliklə, jurnalistlərin növbəti görüşü də 5:4 hesabı ilə yekunlaşdı. Fərq ondadır ki, ilk görüşündə - martın 18-də jurnalistlər polislərə bu hesabla uduzduğu halda bu dəfə qalib gəlməyi bacardılar.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar