“Hamı onsuz da bu oyunun dəyərini bilir” - MÜSAHİBƏ
07 aprel 2011 13:39 (UTC +04:00)

“Hamı onsuz da bu oyunun dəyərini bilir” - MÜSAHİBƏ

- Unibank Premyer Liqasının ötən turunda AZAL-a 0:1 hesablı məğlubiyyətin əsas səbəblərini nədə görürsünüz?

- Təəssüf ki, oyunda üstünlüyə malik olduğumuz halda qol buraxaraq, sonradan cavab qolu vurmağa çətinlik çəkməyimiz birinci dəfə deyil. Həlledici anda komandaya diqqətlilik çatmır. Bizə hücumda aqressivlik və müdafiədə diqqətlilik çatışmır. Bu, əvvəlki matçlarda da, AZAL ilə qarşılaşmada da baş verdi.

- Azərbaycan çempionatının son dörd matçında komanda qələbəyə nail ola bilməyib. Bunu nə ilə əlaqələndirərdiniz?

- Məğlubiyyət və xal itkisi həmişə psixoloji cəhətdən sarsıdır. Ancaq düşünürəm ki, yaxşı oyunla müşahidə olunan bir qələbə bizi əvvəlki vəziyyətə qaytaracaq.

- Bu gün komandanın əsas məqsədi avrokuboklara düşməkdən ibarətdir. Sizcə, “İnter” bu tapşırığın öhdəsindən gələ biləcək?

- Çempion titulunu saxlamaq bu titulu qazanmaqdan həmişə çətindir. Axı, çempiona qarşı bütün klublar ikiqat motivasiya ilə oynayır. Avrokuboka gəldikdə, ancaq onu deyə bilərəm ki, bizim komandanın ən qiymətli vəsiqəni əldə etmək üçün hər cür imkanı var. Bundan başqa, biz məqsədimizə həm çempionat, həm də kubok vasitəsilə çata bilərik.

- Qarşıda komandanı çempionatda liderlik edən “Neftçi” ilə matç gözləyir. Bu oyun barədə nə deyə bilərsiniz?

- İkinci dövrədə onlarla heç-heçə oynamışdıq -1:1. Həmin qarşılaşmada komandamız əla görünürdü və yalnız final fitinin səslənməsinə yaxın qələbəni əldən verdik. Qarşıdakı matçın əhəmiyyəti barədə nəsə deməyə dəyməz, hamı onsuz da bu qarşılaşmanın dəyərini bilir.

- “Neftçi” Sizin üçün yad komanda deyil, orada bir neçə il oynamısınız. Bu vəziyyət onlara qarşı keçirilən matçlarda Sizə kömək edir?

- Həmişə kömək etdiyini deməzdim. Ancaq həvəsləndirdiyi dəqiqdir. Axı, keçmiş komandana qarşı oyunda özünü yalnız yaxşı tərəfdən göstərməyə çalışırsan, nəyə qadir olduğunu göstərməyə cəhd edirsən. Amma daha vacibi qələbədir.

- Çempionluq uğrunda mübarizə aparan favoritlərdən hansı komandanı fərqləndirərdiniz?

- Şansı olan bütün komandalar titul uğrunda mübarizə aparır. Kimisə fərqləndirmək istəməzdim. Turnir cədvəlində hamıdan yuxarıda “Neftçi” və “Xəzər-Lənkəran” komandaları qərarlaşıb, lakin bu, onlara final uğuruna zəmanət vermir. Hər bir komanda xal və üstünlüyü itirə bilər.

- Bu yaxınlarda Estoniya yığmasının düşərgəsindən qayıtmısınız. Avro-2012-nin seçmə turnirində komandanız olduqca yaxşı təsir bağışladı və artıq 7 xal toplayıb. Estoniya milli komandasının çıxışı barədə fikirlərini bilmək istərdik...

- Hər bir futbolçu üçün milli komanda xüsusi əhəmiyyət daşıyır. Milli komandada oynamaq həmişə xoşdur. Axı, ölkənin şərəfini qoruyan zaman həddən artıq motivasiyalı olursan. Xüsusilə xoşdur ki, Uruqvay və Serbiya kimi güclü komandalara qarşı matçlarda qalib gəlirik, heç-heçə edə bilirik. Bu uğurlar hamıya çox müsbət təsir göstərdi.

- Serbiya yığması ilə iki oyuna 4 xal toplamağı bacardınız. Bu komandanı səfərdə də məğlub etdiniz və öz meydanınızda heç-heçə oynadınız...

- Bizim çox möhkəm kollektivimiz var. Bütün futbolçular bunu bilirlər, ən başlıcası odur ki, meydançada vəzifələrini ürəklə yerinə yetirirlər. Baş məşqçimiz Tarmo Ryuyutlinin xidmətlərini də qeyd etmək lazımdır. O, yaxşı komanda hazırlayıb. Uşaqlar var gücləri ilə oynayırlar və çox sevindiricidir ki, bizdə alınır.

- Serbiya ilə ilk oyundan sonra Estoniya mətbuatında Sizi hətta rəqibin ulduz futbolçusu Miloş Krasiçlə müqayisə edirdilər...

- Doğrusu, bunu ilk dəfədir eşidirəm. Bununla yanaşı, belə futbolçu ilə müqayisə edilmək mənim üçün çox xoşdur. Lakin qeyd etmək istərdim ki, mən hər halda Krasiçlə başqa-başqa futbolçularıq. O, daha çox yüksək sürətə və əla driblinqə malik fərdi oyunçudur. Krasiç rəqibin müdafiəsinə çox sayda narahatlıq verməyə alışıb, mən isə daha çox komanda oyunçusuyam. Komandaya oynamağa və ilk növbədə kollektivə xeyir gətirməyə çalışıram.

- Sizin İtaliya yığması ilə növbəti oyununuzun yeri təyin edildi. Oyun Modenada baş tutacaq. Keçmiş çempionla görüş barədə nə deyə bilərsiniz?

- Belə matçların öz xüsusiyyəti var. Təbii ki, italyanlar qalib gəlmək istəyəcəklər, lakin biz asanlıqla təslim olmağa hazırlaşmırıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar