“Bakı”nın afrikalı futbolçusu: “İkinci dəfə evlənsəydim, azərbaycanlı qız seçərdim” – MÜSAHİBƏ
13 may 2009 11:33 (UTC +04:00)

“Bakı”nın afrikalı futbolçusu: “İkinci dəfə evlənsəydim, azərbaycanlı qız seçərdim” – MÜSAHİBƏ

“Bakı” klubunun heyətində ikiqat Azərbaycan çempionu, Peşəkar Futbol Liqasının apasport.az saytı ilə birgə keçirdiyi sorğuya əsasən, 2008/09 mövsümünün ən yaxşı qapıçısı seçilən seneqallı Xalidu Sissokonun müsahibəsi

- Saytımızın PFL-lə birgə keçirdiyi sorğuda Premyer Liqanın ən yaxşı qapıçısı seçildiniz. Bunu gözləyirdinizmi?

- Əvvəla onu deyim ki, müsəlman olduğum üçün bütün söhbətə “Bismillahir-rəhmanir-rəhim” sözləri ilə başlayıram. Ötən mövsümün ən yaxşı qapıçısı seçiləcəyimi gözləyirdim. Çünki intuisiyam bunu mənə deyirdi. Bu uğur üçün çox zəhmət çəkmişəm. Yaxşı nəticə göstərmək üçün xeyli çalışmaq, canla-başla işləmək lazımdır. Bu qələbə tək mənim deyil, bütün komandanındır. Bunda prezidentimiz Hafiz Məmmədov başda olmaqla, bütün klub üzvlərinin böyük rolu var.

- Bu mükafatın indiyədək qazandıqlarınız arasında yeri necədir?

- Ölkənizdə 3 böyük mükafatım olub: iki çempionluq və bir kubok. Buna qədər isə Seneqalda iki il dalbadal ölkənin ən yaxşı qapıçısı olmuşam. Hazırkı mükafat karyeramda xüsusi yer tutacaq.

- Səsvermədə təvazökarlıqdan uzaq olaraq, özünüzü ən yaxşı saydınız. Bu nədən irəli gəlir?

- Azərbaycanda tanış olduğum qapıçıların işinə baxdım və gördüm ki, onlardan daha üstünəm. Hətta Azərbaycanda olan qapıçılar mənimlə söhbətdə etiraf etdilər ki, onlardan daha yaxşıyam, daha yaxşı çalışıram. Hər oyunun axırında gəlib məni təbrik edirlər ki, sən ən yaxşısan.

- Azərbaycanda özünüzdən başqa kimi ən yaxşı hesab edirsiniz?

- Fərhad Vəliyevi. Belə yaxşı qapıçılara çox şahid olmuşam. Ona görə özümü üstün sayıram ki, konkret öz işimlə məşğulam. Bu yalnız məşq, oyun və istirahətlə bağlıdır.

- Bəs dünyadakı qapıçılar arasında kumiriniz kimlərdir?

- Oliver Kan, Edvin van de Sar və Yens Lemann. Afrikada isə kamerunlu Antuan Beli qeyd edə bilərəm. Qapıçının işi yalnız top tutmaqdan ibarət deyil. O, həm də komandasına kömək etməli, onu çətin vəziyyətdən çıxarmalıdır. Mənim də fəaliyyətim bunun üzərində qurulub. Yalnız top tutmaq xatirinə qapıda durmaq qapıçılıq deyil.

- Azərbaycanda çıxış etmiş legionerlər arasında dünya çempionatının final mərhələsinin iştirakçısı olan yeganə futbolçusunuz. 2002-ci ildə keçirilmiş həmin birinciliyi necə xatırlayırsınız?

- Hər bir futbolçu dünya çempionatında oynamağı arzulamalı və bunun reallaşması üçün mütləq çalışmalıdır. Əgər belə bir şey olmayıbsa, futbolçu işini yarımçıq qoyubsa, bu idman növü ilə məşğul olduğunu deməsin. Seneqalda dünya çempionatının finalında oynayan azsaylı futbolçulardan idim. O vaxt yığmada Toni Silvadan sonra ən yaxşı qapıçı sayılırdım. Arzum budur ki, bir gün Azərbaycan yığması da dünya çempionatında çıxış etsin.

- Gələn il analoji yarış Cənubi Afrika Respublikasında keçiriləcək. Bu oyunları izləmək imkanınız olacaqmı?

- Çox təəssüflə və ürək ağrısı ilə demək istəyirəm ki, Seneqal orada iştirak etməyəcək. Çünki komandamızın tərkibi dəyişib, heyətdəkilərin hamısı 22-24 yaşlı gənclərdir. Onların təcrübəsi olmadığından, final mərhələsinə yüksələ bilmədilər. Dünya çempionatına azarkeş kimi yollanmaq istərdim.

- Dünya çempionatında oynamış bir sıra qapıçıların formasını alaraq, onları Azərbaycanda geyinmisiniz. Bir müddət öncə türkiyəli Rüştü Rəncbərə də bu barədə müraciət etmişdiniz. Ondan müsbət cavab ala bildinizmi?

- Bəli, məndə Rüştü, İsaksson kimi tanınmış qapıçıların formaları var. Neçə vaxtdır kolleksiya yığıram. Bu ənənəni davam etdirəcəyəm. Bəzən bu formaları geyinəndə həmin çempionatda keçirdiyim çətin günləri, ağır məşqləri xatırlayıram.

- Kolleksiyanızda bizim futbolçularımızdan kiminsə forması var?

- Var. Bu, “Bakı”da keçmiş komanda yoldaşım, Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun formasıdır. Məndə başqa futbolçuların da formaları var. Həmin formaları Seneqalda evimdə ayrıca otaqda saxlayıram.

- Azərbaycanda dostlarınızdan, futbolçulardan kimsə həmin kolleksiyadan forma istəyəndə verirsiniz?

- Bakıya gələndə özümlə forma gətirmişdim. Amma mən burdakı yox, Seneqalda oynadığım formaları verirəm. Kiməsə forma verməklə bağlı problem yoxdur. Axırıncı dəfə Leandro Qomeşə bağışlamışam. Ona yığmadakı keçmiş komanda yoldaşım Əl-Hacı Diufun formasını vermişəm.

- Meydanda çox çılğınsınız və bu, başınıza bəla olur. Buna səbəb nədir?

- Futbol meydançası iş sahəmdir. Orada hər şeyin qaydasında, hər kəsin intizamlı, özümün də güclü olmasını istəyirəm. Gündəlik həyata gəlincə, etiraf edim ki, çox utancağam. Eyni vəziyyət məşq zamanı da olur. Məşqdən qabaq hamı ilə zarafatlaşır, deyib gülürəm. Elə ki, məşq başladı, susub işimə başlayıram.

- Probleminiz əsasən lənkəranlı azarkeşlərlə olur. Niyə onlarla yola getmirsiniz?

- Məhz Lənkəranda baş verənlər haqda çox fikirləşmişəm. Öz-özümə dedim ki, niyə belə olur. Ola bilsin ki, bu, peşəkarlığımla bağlıdır. Bəlkə də lənkəranlı azarkeşlər məni əsəbiləşdirmək, daha yaxşı işləməyə mane olmaq istəyirlər. Bununla belə, lənkəranlı azarkeşləri, eyni zamanda “Xəzər-Lənkəran”ı çox sevirəm. Onlara böyük hörmətim var. Çünki lənkəranlılar oyun zamanı bütün stadionu doldururlar. Futbolda da məhz bu, lazımdır.

- “Bakı” rəhbərliyi Lənkəranda polisə tüpürdüyünüzə görə sizi 10 min dollar cərimələyərək, sonuncu dəfə xəbərdarlıq etdi. Yəni, bu hal bir daha təkrarlansa, komandadan çıxarıla bilərsiniz. Bundan sonra öz əsəblərinizə hakim ola biləcəksiniz?

- Belə xoşagəlməz hadisələrin təkrarlanmamasına çalışacağam. Əgər Lənkəranda başıma daşla vursalar, başımdan qan axsa belə, sakitcə öz oyunumu davam etdirəcəyəm. Çünki rəhbərliyə böyük hörmətim var və onlar qarşısında pis olmaq istəmirəm.

- Ümumiyyətlə, bu beş ildə ölkəmizdə irqçiliklə bağlı probleminiz olub?

- Şəxsən mənim başıma gəlməyib. Bəzən gənclərlə bağlı kiçik problemlər olur. Lakin bunu irqçilik adlandırmaq mümkün deyil. Çünki onlar nə etdiklərinin fərqinə varmırlar. Həm ağ, həm də qaradərili adamın damarını kəssək, qırmızı rəngdə qan axar. Yəni eyni şeydir, biz hamımız qardaşıq. Əgər müsəlmanıqsa, qara və ya ağ olmağımızın fərqi yoxdur. Mənə qara deyəndə zarafatla cavab verirəm ki, naxçıvanlıyam (gülür). İstəmirəm ki, Seneqalda Azərbaycan haqda pis fikir formalaşsın. Hətta dostlarım İnternetdə məndən soruşdular ki, Lənkəranda belə hadisələr zamanı irqçiliklə rastlaşmısan. Mən də bildirdim ki, Azərbaycanda belə problem yoxdur. Lənkəranda baş verənləri artıq unutmuşam.

- Belə problemlərlə üzləşəndə dərdinizi kimə deyirsiniz? Kiminlə təsəlli tapırsınız?

- Problem olanda bunu həm klub rəhbərliyi, həm dostlarım, həm də ailəmlə bölüşürəm. Beş ildə Azərbaycanda çıxış edən yeganə seneqallı futbolçuyam.

- Ailənizdən söz düşmüşkən, bu haqda məlumat verərdiniz...

- Xanımım burda olsa da, hər iki övladım – qızlarım Seneqaldadır. Onları anamın yanında qoymuşam. Çünki burda fransız dili məktəb yoxdur. Onlar uşaq bağçasına gedirlər, indi təhsilə başlamalıdırlar. Açığı, uşaqlarım üçün çox darıxıram. Qəlbimin yarısı Seneqaldadır.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Bir toyda dostum məni onunla tanış etdi. Orda ona dedim ki, gedib ailənizə baş çəkəcəyik. Elə də etdim. Bir il münasibətimiz oldu. Axırda da ailə həyatı qurduq. Qayınatam Seneqalda energetika naziridir. Buna görə də evlənmək zamanı bəzi problem yarandı. Çünki qızı başqaları da istəyirdilər. Lakin sonda mənə üstünlük verdilər. Toy mərasimləri Azərbaycanda və Seneqalda eynidir. Lakin bizdə spirtli içkilər, şampan qadağa olunub. Müsəlman ölkəsiyik, uşaqlara pis örnək olmamaq üçün spirtli içkilər qadağandır. Atam fabrikdə mühəndis işləyib, avtomobil qəzasında həlak olub.

- Qayınatanız zəngin adamdır?

- O, zəngin və nüfuzlu şəxsdir. Eyni zamanda Fransada bizneslə məşğul olur. Onun Fransada evi var. Vaxtının çoxunu xarici səfərlərdə keçirir.

- Əksər legionerlər Azərbaycana pul dalınca gəlirlər. Zəngin qayınatanız varsa, deməli, pul sizi bir o qədər də maraqlandırmır...

- Haqlısınız. Amma məndə vəziyyət başqa cürdür. Müqavilə şərtləri ilə bağlı heç vaxt yuxarı-aşağı danışmıram. Klub rəhbərliyinə deyirəm ki, öz qardaşınız kimi nə deyirsiniz, onu da edim. Vətənimdə hər şeyim, yaxşı villam var. Orada anam qızlarımla yaşayır. Burda qazandığım pulun 10 faizini kasıblara, 10 faizini məscidlərin tikintisinə verirəm, 15 faizini isə ailəmə göndərirəm. Qalan məbləğin yarısını banka qoyuram, yarısını da özüm xərcləyirəm.

- Qayınatanız qızınızın uzaq yerdə yaşamasına necə münasibət bildirir? O, ümumiyyətlə, Azərbaycanı tanıyırmı?

- Seneqalda Azərbaycanı çox tanımırlar. Buranı mənim vasitəmlə tanıyırlar. İnşallah, gələcəkdə ölkəmin Azərbaycanda səfiri olaram. Hətta bura gələndə məndən soruşdular ki, müsəlman ölkəsinə gedirsən? Rusiyada yaşayan iki qohum ölkəniz haqda çox yaxşı fikirlər söylədi. Onlar dedilər ki, Azərbaycan sakit ölkədir, əhalisi müsəlmandır, Türkiyənin yaxınlığında yerləşir. Mən bura gələndə qaradərililər az olduğundan, mənə qəribə baxırdılar. İndi isə hər şey normaldır. Seneqalda kommunist ölkələri elə də tədris olunmur. Qayınatam burda yaşadığımızdan qətiyyən narahat deyil. O, karyeramın bunu tələb etdiyini başa düşür. Qayınatam bir gün Küveytdə, bir gün Səudiyyə Ərəbistanı, o biri gün Türkiyədə olur. İstərdim ki, o, bir gün də bura gəlib, klubumuzun prezidenti Hafiz Məmmədovla biznes əlaqələri qursun.

- Xanımınız oyunlarınıza baxmağa gəlirmi?

- Yox. Çünki bizdə Afrikada qadınlar yalnız ev, ailə işləri, uşaqlarla məşğul olur. Məşqə getdiyimi zamana o, mənə yemək hazırlayır ki, yaxşı yeyim, özümdə olum. Axşam evə qayıtdığım zaman məni masaj edir ki, problemim olmasın.

- Bir-birinizi qısqanırsınız?

- (gülür) Etiraf edim ki, həyat yoldaşım çox qısqancdır. Lakin Azərbaycanda yox. Çünki məni burda bir o qədər də tanımırlar. Həm də bilir ki, yalnız məşqə və evə gedirəm. Lakin Seneqalda vəziyyət tam başqadır. Hətta 6-7 aydan bir avtomobili dəyişməyə məcbur oluram. Küçələrdə gizlənməli oluram ki, dünya çempionatında iştirakım haqda söhbətləşməyə, məndən avtoqraf almağa cəhd etməsinlər.

- Xanımınız məşqdən, oyundan evə gec gələn zaman zəng edib, sizi axtarır?

- Bəzən belə olur. Məsələn, evə yarım saat gec gələn kimi zəng edir ki, haradasan, nəsə problemin var. Deyir, süfrə açmışam, səni gözləyirəm. Xanımımın bu narahatlığı, qısqanclığı mənə olan diqqət və qayğıdan irəli gəlir.

- Bara, diskotekaya əylənməyə gedirsinizmi?

- Yox. Çünki belə yerləri xoşlamıram. Lap kollektivlə olsam belə, diskotekada necə davranmağı bilmirəm. Digər tərəfdən, bar, diskoteka mənim işimə də ziyandır. Hətta öz vətənimdə də belə yerlərə getməmişəm.

- Bəs istirahətiniz harada keçirirsiniz?

- Burda olanda boş vaxtımı oteldə keçirirəm. Vətənimdə isə bəzən dostlarımla görüşürəm, çay içməyə gedirik. Qalan vaxtlarda bütün günü televizorda filmlərə baxıram. Bəzən dəfələrlə bir DVD diskə baxıram.

- Həyat yoldaşınızı Bakıya və ya paytaxtdan kənara istirahətə aparmısınız?

- Bir dəfə Sumqayıtda olmuşuq. Amma istərdim ki, xanımım Gəncəni və Naxçıvanı da görsün. Çünki bu bölgələr diqqətimi çox çəkib.

- Nəyə əsasən?

- Naxçıvanı ona görə sevirəm ki, orada çoxlu tanışlarım var, mənə tez-tez zəng edirlər. Həm də klubumuzun rəhbərliyi də Naxçıvandandır. Yaxınlarda ora getmək istəyirəm. Gəncənin də gözəl yer olması haqda məlumatım var. Orada nə vaxtsa istirahət etmək istərdim.

- Bakıda şəxsi eviniz, maşınız varmı?

- Yox. Seneqaldakı maşınım “Pejo” markalıdır. Onu da gedəndə dəyişəcəyəm ki, məni tanımasınlar. Burda əhalinin sürücülük səviyyəsinə, sürmə qabiliyyətinə görə maşın almaq fikrini ümumiyyətlə, ağlımdan çıxartmışam. “Avtoş”lardan çəkinirəm. Bakıda ev almağı düşünürdüm, ancaq bu bahadır. Yəqin ki, rəhbərliklə bunu müzakirə edəcəyəm.

- Bakı çox bahaçılıqdır?

- Bəli. Mən bura gəldiyim vaxt həyat tərzi yaxşı idi. Qazancımız bəs edirdi. İndi isə təəssüf ki, xərclərin məbləği elə də ürəkaçan deyil. Qazancımı konkret açıqlaya bilmərəm.

- Belə deyirlər ki, azərbaycanlı qızlar dünyanın ən gözəl qızlarıdır...

- Tamamilə doğrudur.

- İmkan olsaydı, azərbaycanlı qızla evlənərdinizmi?

- Bəli. Hətta ikinci dəfə evlənmək şansım olsaydı, çəkinmədən bir azərbaycanlı qız seçərdim. Amma həyat yoldaşımın bu söhbətdən xəbəri olmasın (gülür). Mənim 30, xanımımın 28 yaşı var.

- Sizcə, azərbaycanlı qız buna razı olar? Özünüzü yaraşıqlı sayırsınız?

- Bilirəm ki, azərbaycanlı qızla evlənməyimin həlli çox çətindir. Bizdə Seneqalda qızın evinə gələndə atası soruşur ki, niyyətin nədir. Ata qızının ərə getməyə razılığını görəndən sonra sənə deyir ki, get, valideynlərini çağır, məsələni həll edək. Bundan sonra nikah mərasimi yalnız və yalnız məsciddə imamın başçılığı ilə olur.

- Azərbaycanlı qız dostunuz varmı?

- Yox, yox (gülür).

- Xanımınızdan qorxduğunuza görə inkar edirsiniz?

- Sadəcə, qızla necə ünsiyyətə girməyimi bilmirəm. Çünki bir dəfə bir qıza yaxınlaşdım. O da məni ələ saldı, qaçıb uzaqlaşdı. Bundan sonra qız dostu haqda fikirləşməmişəm.

- Beş ildə Azərbaycan dilini öyrənə bilmisinizmi?

- Deyilənlərin çoxunu başa düşürəm. Özüm də az-maz danışa bilirəm. Amma fikrimi ifadə etməkdə çətinlik çəkirəm. Azərbaycanca futbolla, məşqlə bağlı terminləri bilirəm.

- Hansısa azərbaycanlı telefonunuza səhvən zəng etsə, vəziyyətdən çıxa bilərsiniz?

- Hə. Belə olarsa, ondan azərbaycanca soruşuram: Kimdir danışan? Müsəlman ölkəsi olduğumuz üçün uşaq vaxtı bizə ərəb dili dərsi keçirdilər. Artıq bu dili unutduğum üçün danışa bilmirəm. Seneqalda ali təhsil ocağında energetika fakültəsində oxumuşam. Amma təəssüf ki, imtahanları verə bilmədiyim üçün ali təhsilim yarımçıq qaldı.

- Azərbaycan musiqisinə qulaq asırsınızmı? Müğənnilərimizdən ən çox kimi bəyənirsiniz?

- İlk növbədə canlı musiqini sevirəm. Kimliyini bilməsəm də, televizorda canlı oxuyan görən kimi bütün diqqətimi ona yönəldirəm. Rəqsanəni bəyənirəm. “Eurovision”da ölkənizi təmsil edən Aysel – Araş cütlüyü çox xoşuma gəldi.

- Aysellə Araşa “Evrovizion”da azarkeşlik edirdinizmi? Onlara SMS göndərdinizmi?

- Səsvermə prosedurunu bilmirdim. Amma azərbaycanlı dostumun bütün qaydalardan xəbəri var. Hər iki mobil telefonumu ona verdim ki, səs versin. Yeri gəlmişkən, telefon nömrəmi burada olduğum 5 il ərzində dəyişdirməmişəm. Mobil telefonum isə sayca artıq üçüncüdür. Əvvəlki iki telefonum taksidə itib.

- Röya bir klipdə afrikalılarla çəkilmişdi. Sizə belə təklif gəlsə, razı olarsınızmı?

- Mən buna qeyri-adi baxmıram. Kimliyindən asılı olmayaraq, hamıya kömək etməyə hazır olmalıyıq. İstər film olsun, istərsə də klip.

- Hansı qadın müğənni ilə dostluq etmək, klipə çəkilmək istərdiniz?

- Konkret ad çəkə bilmərəm. Bütün müğənnilərə hörmətim var. Kimin mənə ehtiyacı varsa, ona kömək etməyə hazıram. Xarici müğənnilərdən Kenni Ce və “Seven seconds” mahnısını oxuyan Yussu N’dur ilə dostluq etmək, klipə çəkilmək istərdim.

- Azərbaycan mətbəxində ən çox nəyi bəyənirsiniz?

- Lülə kababı. Kabab həm də əsl futbolçu yeməyidir. İnsan onu yeyəndə enerjili olur. Yeməklərinizin çoxunun adını bilmirəm. Restorana gedəndə şəklə baxıb, sifariş edirəm. Yeməkləriniz çox vitaminli və qüvvətlidir.

- Özünüz kabab çəkməyi öyrənmisiniz?

- Seneqalda hər həftə bir qoyun alıb, kabab çəkirik.

- Təcavüzkar ermənilər Azərbaycan torpaqlarına soxulublar, Dağlıq Qarabağı işğal ediblər. Bununla bağlı vətəninizdə, Afrikada təbliğat aparmısınızmı?

- Seneqalda məndən bu münaqişə haqda soruşanda məlumat verirəm. Həm də deyirəm ki, bu məsələ ürəyimi çox ağrıdır. Gecə-gündüz Allaha dua edirəm ki, Azərbaycan bu problemdən qurtulsun.

- Futbolçu karyeranızı bitirdikdən sonra ölkəmizdə qalıb, yaşamaq, işləmək istərdinizmi?

- Karyeramı bitirdikdən sonra Fransada məşqçilik kursu keçmək niyyətindəyəm. Bundan sonra məmnuniyyətlə Azərbaycanda işləyərdim. “Bakı”nın rəhbərliyi, dost-tanışlarım məni qəbul etsələr, burada ölənədək işləmək istərdim. Artıq Azərbaycan pasportu daşıyıram. “Bakı” mənim ailəmdir, klub rəhbərliyi isə bu ailənin başçılarıdır. Onlara valideynlərim qədər hörmət edirəm.

- Neçə yaşınıza kimi futbol oynamaq fikrindəsiniz?

- 35 yaşına kimi. Karyeramın axırlarında bir il də vətənimdə oynamaq istərdim ki, öz uşaqlarına diqqət yetirə bilim, ailəmin əhatəsində olum. Ən böyük arzularımdan olan Çempionlar Liqasının qrup mərhələsində iştirak etsəm, karyeramı bitirəcəyəm. Azərbaycanda məqsədim daha bir dəfə çempion olmaq və kuboku qazanmaqdır.

- Qayınatanız karyeranızı başqa vurduqdan sonra sizə futboldan kənar bir iş vəd edib? Özünüzü futboldan kənar bir işdə görürsünüz?

- Ofisdə, qapalı yerdə çalışmaq mənlik deyil. Mənə Fransada iş təklif olunsa da, buna razı olmadım. Həyatımı elə futbolda başa vurmaq istəyirəm.

- Qızlarınız böyüdükdən sonra onların hansı sənətə sahib olmasını arzulayırsınız?Onların futbolu seçmələrinə razı olardınızmı?

- Qızlarım başqa idman növünü seçiblər. Biri üzgüçülüklə məşğul olur, o biri isə basketbolla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1681

Oxşar yazılar