Duzsuz, istiotsuz, xardalsız alman futbolu...
17 aprel 2009 14:30 (UTC +04:00)

Duzsuz, istiotsuz, xardalsız alman futbolu...

Kayzer torpağının qurmanlarına yerli futbolu duzsuz, istiotsuz, xardalsız alman sosiskası ilə müqayisə etməkdən başqa heç nə qalmır

İqtisadi-mədəni inkişaf səviyyəsinə görə dünyanın öndə gedən ölkələrindən sayılan Almaniya üçün ötən əsrin 80-ci illərindən başlayaraq “küçə” və ya “həyət futbolu” anlayışları mövcud deyil. Bir çox analitiklərin rəyinə əsasən, “alman maşını”nın, bundesliqanın əvvəlki dönəmlərdəki tək güclü olmaması məhz yuxarıda qeyd olunan məqamdan qaynaqlanır.

Ümumi baxış

“Bundesland” futbol labirintinin geniş görüntüsü ilk baxışdan böyük problemlərdən xəbər vermir. Almaniyada qurulan infrastrukturun mükəmməlliyi, sistem özülünün möhkəmliyi “köhnə qitə”də özünəməxsusluğu ilə seçilir. Tərəqqi üçün gərəkli maddi resurslar da kayzer ölkəsində yox deyil. Tarixi ənənələrin zənginliyi barədə əlavə şərhlərə isə ehtiyac yoxdur. Belə bir məqamda maraqlı sual ortaya çıxır: Əsas parametrlər kontekstində “əla” qiymət alan Almaniyanın əzəmətini itirməsi nə ilə bağlıdır? Ekspertlərin böyük qismi hesab edir ki, Böyük Karlın nəvələrinin əsas problemi yerli resursların hərtərəfli inkişafına mane olan “sivil qayda” - “küçə futbol”una qadağa qoyan normativ göstərişdədir. Məşhur “alman maşın”ı keyfiyyətli milli benzinlə çalışmağa öyrəşdiyindən yeni vəziyyətdə yad element qəbul etmir.

Türk kvartalları istisna olmaqla

Müasir arxitektura üslubunun tələbləri “küçə futbolu”nun sıradan çıxmasına şərait yaradan amillərdəndir. Odur ki, mövcud vəziyyətin səbəblərindən biri kimi yaşayış komplekslərinin ətrafında meydançaların salınmaması göstərilir. Həyətlərdə futbol oynamaq üçün münasib sayıla biləcək boş yerlərdə isə “burada topla istənilən oyun növü qəti qadağandır” sözlərinin yazıldığı lövhələri görmək olar. Əhalinin sıx yaşadığı böyük şəhərlərdən tutmuş kiçik qəsəbələrə qədər ümumi mənzərə eyni olaraq qalır. Yalnız türklərin kompakt yaşadığı kvartallarda durum fərqlidir: nizam-intizamı hər şeydən yüksək tutan, “küçə futbolu”nu sivil yaşayış normalarını pozan hal kimi dəyərləndirən almanlardan fərqli olaraq, türklər üçün bu, gündəlik həyat tərzinin qəbul olunan parçasıdır. “Bavariya”nın keçmiş baş məşqçisi Feliks Maqat anadoluluların Almaniya futbolunun strukturundakı rolunu belə izah edir: “İnkişafın vüsət aldığı, texniki tərəqqinin öncələr təsəvvür edə bilmədiyimiz zirvələrə qalxdığı şəraitdə futbol müəyyən baryerlərlə qarşılaşır. Qəbul etdiyimiz sivil yaşam tərzi əsl istedadların üzə çıxmasına imkan vermir. “Küçə futbolu” hərtərəfli futbolçunun yetişməsi üçün əla məkandır. Son vaxtlar Almaniyada türk əsilli oyunçuların üzə çıxmasının səbəbi nədir? Onların əksəriyyəti məktəbə qədər güclü təcrübə keçirlər. Bu, önəmlidir. Hadisələr belə templə getsə, yaxın 10-15 ildə bundestim bütünlüklə qeyri-almanlardan təşkil olunacaq. Bunu arzulamıram. Ümumi inkişafa yalnız türklərin dəstək verməsi kifayət etmir. İndi “yeniçərlər”in futbolumuza rəngarənglik qatması müsbət haldır. Bu gün alman torpağında yetişən istedadların bir çoxu bəzilərinin bəyənmədiyi türk kvartallarından çıxıblar. Bu, çox şeydən xəbər verir”.

Nostalqiya

Uğursuzluqla sonuclanan France 98-dən sonra tədricən formalaşmağa başlayan yeni nəslin nümayəndələrindən ibarət bundestimin DÇ-2002 və Avro-2008-də gümüş, DÇ-2006-da bürünc medallar qazanmasına baxmayaraq, bügünkü alman millisinin 1970-80-ci illərdəki kimi möhtəşəm olduğunu söyləmək olmaz. Bekkenbauer, Mayer, Müller, Rümmeniqqe və digər şəxsiyyətlər ilk növbədə “küçə futbolu”nda istedadlarını üzə çıxartmış, sonradan futbol məktəblərində sahib olduqları potensialı düzgün istiqamətdə inkişaf etdirməklə zirvəyə yüksəliblər. Məhz bu səbəbdən alman azarkeşləri küçələrin istedad ixracatçısı olduğu vaxtları nostalji hislərlə xatırlayırlar. “Küçə futbolu”ndan çıxan sonuncu parlaq sima DÇ-1990 və Avro-1996-da millinin çempion olmasında böyük rol oynamış məşhur solaxay Tomas Hesslerdir. Düzdür, küçələrdə “futbol həyəcanı”nı öldürməmək üçün almanlar ildə bir dəfə Frankfurtun mərkəzində gənc istedadların özlərini göstərməsi üçün turnir təşkil edirlər. “Nike” və “Mcdonalds”ın sponsorluğu ilə keçirilən bu yarışlarda komandaların hər biri beş oyunçudan ibarət olmaqla mübarizə aparır. Lakin o da məlumdur ki, bir yarpağın yerə düşməsi hələ payızın gəlişi deyil....

Hitler sağ olsaydı...

Sarsılmaz alman ruhunun daşıyıcısı hesab edilən bundestimin heyətində son zamanlar Polşa, Qana əsilli simaların peyda olması da yerli resursların defisiti ilə bağlanır. Düzdür David Odonkor, Asamoa, Mario Gomez kimi futbolçular Almaniyada doğulub, yerli məktəblərdə yetişdiriliblər, prinsipcə bundestimin üzvü olmağa da tam haqları çatır. Amma 30-cu illər özünü ali irq elan edən xalqın millisini öz ehtiyatlarından təşkil edə bilməməsi elə də pozitiv gələcək vəd etmir. Bild” jurnalının jurnalistlərindən birinin dediyi kimi, Hitler sağ olsaydı, belə biabırçılığa yol verməzdi. Avropa İdman Tarixi İnstitutunun əməkdaşı Pier Lanfrançi də yuxarıda qeyd edilən maraqlı, eyni zamanda şovinist ruhlu mülahizəni dəstəkləyir: “Bundestimin 1960-cı illərdən başlayan tərəqqisində Hitlerin hakimiyyəti dönəmində həyata keçirilən siyasətin müsbət rolu olmuşdu. Nə qədər qəribə səslənsə də, “təmizləmə”, sağlam millətin formalaşdırılması yolunda atılan addımlar idmanın müxtəlif sahələrində güclü nəsillərin formalaşdırılmasına gətirib çıxardı. Hitler küçələrdə yetişənlərin daha böyük nailiyyətlər qazanmaq potensialını anlayırdı. 1933-40-ci illər arasında Berlin daxil olmaqla Almaniyanın əksər şəhərlərində ümumi istifadə üçün iri stadionların tikilməsi, hər apartamentə bir meydança prinsipinin tətbiqi sözügedən zərurətdən doğurdu”.

Alternativ çıxış yolu

Bəs belə vəziyyətdə alman futbolu üçün kadrlar necə yetişir? Müxtəlif şəhərlərdə fəaliyyət göstərən idman klublarının futbol seleksiyaları yaranmış boşluğu qismən də olsa doldurur. Belə ki, qeydə edilən qurumlar çərçivəsində fərqli yaş kateqoriyalarına mənsub olan uşaqların məşq etməsi, yarışlarda iştirakları üçün şərait yaradılır. Xüsusi ilə 3-5 yaşlılar arasında keçirilən və əhali tərəfindən yumorla “pampers-liqa” adlanan turnir maraq doğurur. Belə çempionatlarda iştirakçıların geyim, butsi və s. ləvazimatlarla təchizatı, eyni zamanda oyunların ixtisaslı hakimlər tərəfindən idarə edilməsi təmin olunur. Bütün bunlarla yanaşı Almaniya Futbol İttifaqı hazırda “gənc istedadların üzə çıxarılması” proyelti çərçivəsində 11-18 yaşlılar üçün 390 mərkəzin açılmasını planlaşıdırır. Belə bir şəraitdə 22 mindən çox yeniyetmə yüksək maaş olan 1200 ixtisaslı məşqçinin rəhbərliyi altında ildə 30 dəfədən artıq məşq etmək imkanına malik olacaqlar. Hər il 10 milyon avronun xərclənəcəyi bu proqramla yanaşı digər layihələr də var.

Lakin...

Yuxarıda qeyd edilən addımlar Almaniyanın böyük futbol ölkəsi kimi nüfuzunun qorunub-saxlanmasına öz töhfəsini versə də, istedad qıtlığı problemini köklü şəkildə çözə bilmir. Müasir hazırlıq sisteminin formalaşdırdığı, fiziki və taktiki baxımdan əla yetişdirilmiş gənclərdə ilk növbədə özünəməxsusluq, qeyri-ordinarlıq çatmır, oyunçuların əksəriyyəti bir-birlərinə bənzəyirlər. Yaranmış vəziyyətdə yerli qurmanlara müasir alman futbolunu duzsuz, istiotsuz, xardalsız alman sosiskası ilə müqayisə etməkdən başqa heç nə qalmır.

Orxan Amaşov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1735

Oxşar yazılar