“Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının pley-off mərhələsində Polşada “Legiya” üzərində qazanılan qələbəni dəyərləndirib.
Apasport.az saytının əməkdaşının da iştirak etdiyi qarşılanma mərasimində Ağdam təmsilçisinin kapitanı Dağlıq Qarabağda baş verən hadisələrə də münasibət bildirib.
- Komanda “Legiya” üzərində layiqli qələbə qazandı. Demək olarmı ki, ağırlığı üstünüzdən atdınız?
- Həqiqətən də, emosional ağırlıq altında idik. Oyuna gedəndə nə dərəcədə məsuliyyət daşıdığımızı başa düşürdük. İstər-istəməz psixoloji təzyiq var idi. Hər bir ssenariyə hazır idik. Baş məşqçi bizimlə cəbhədə olan vəziyyət barədə daim danışırdı. Bunu əcnəbi futbolçularımıza da çatdırmağa çalışırdıq ki, matçın Azərbaycan üçün nə dərəcədə vacib olduğunu başa düşsünlər. İstəyimizə nail olduq, qələbə qazandıq. Bu qələbəni əsgərlərimizə və Azərbaycan xalqına həsr edirik. Fikirləşirəm ki, növbəti qələbələri də əsgərlərimizə hədiyyə edəcəyik.
- 90 dəqiqə ərzində “Legiya”ya nəfəs almağa imkan vermədiniz. “Molde” ilə görüşdə bu cür çıxış etməyə nə mane oldu?
- Statistikaya baxsaq, “Molde”ni də hərtərəfli üstələmişdik. Sadəcə, qol imkanlarından yararlana bilmədik. Allah böyükdür, “Ferensvaroş” önündə hansı nəticə olacağını bilmirdik. Qismət o imiş ki, “Molde”yə penaltilər seriyası ilə uduzaq. Azərbaycanın bu ağır günündə Qarabağın adını Polşada bir daha Avropaya səsləndirdik.
- İki gün Polşada oldunuz. Yəqin ki, həmin vaxt cəbhə xəttində olan vəziyyəti müntəzəm izləyirdiniz. Bütün bunlar komandaya necə təsir edirdi?
- Bilirsiniz ki, heyətdə çox əcnəbi futbolçu var. Onlar, bəlkə də, söhbətin bu qədər ciddi olduğunu bilmirlər. Şəxsən mən özüm iki gün idi yatmırdım. Hər səhər saat 7-də mesajlar gəlirdi, xəbərləri açıb baxırdım. Qara Qarayevlə nə vaxt bir araya gəlirdik, ancaq cəbhədə olan vəziyyəti müzakirə edirdik.