“Yusifi partladan bibi", alman məzarlığında bitən acınacaqlı tale  – HƏYAT HEKAYƏTİ
13 fevral 2021 14:14 (UTC +04:00)

“Yusifi partladan bibi", alman məzarlığında bitən acınacaqlı tale – HƏYAT HEKAYƏTİ

Bəxtiyar" filmində Saşanın bibisi Natalya Alekseyevnadan, daha doğrusu həmin obrazı canlandıran Tatyana Peltserdən danışacağıq.

Lent.az-ın məlumatına görə rejissor Lətif Səfərov "Bəxtiyar" filmini çəkəndə senarini yazanların hər ikisi - Boris Laskin və Nikolay Rojkov dedilər ki, bibi obrazına onların namizədləri var. Bununla belə Lətif Səfərov rolun axtarışına çıxdı, amma tapmadı istədiyi aktrisanı. Bir gün senari müəlliflərinə hirslə "gördüyünüz kimdir o rolda, deyin gəlsin" söylədi.

Nikolay Rojkov: "Onda Moskvaya Tatyana Peltserə zəng etməliyəm"-dedi və Lətif Səfərovun simasına qəribə bir sevinc qondu: "Odur"- dedi: "zəng elə".

Tatyana Peltser məşhur rus aktyoru İvan Roman oğlu Peltserin qızıdır. Bu İvanın, Romanovlara heç bir yaxınlığı yoxdur, hətta milliyətcə almandır, amma onda çox böyük rus ruhu vardı. Bunu onun özünün yaratdığı rus obrazları və qızını rus milli ruhunda böyütməyi də sübut edir.

Atası Tatyananın ilk və yeganə müəllimi olub. Tatyana, deyilənə görə həm simaca, həm də temperamentinə görə atasına çox bənzəyir.

İlk rollarını atasının tamaşalarında oynayıb, ordakı uşaq rollarında. İlk dəfə "Anna Karenina" tamaşasında Seryoja Karenina (Annanın oğlu) roluna görə qonorar almışdı, həm də "anası" ilə ayrılıq səhnəsindən özü elə təsirlənmişdi ki, pərdə arxasında onun göz yaşlarını qurutmaq olmurmuş.

İnqilabdan sonra Tatyana müxtəlif əyalət teatrlarında çalışıb.

20 – ci illərin sonlarında Moskvaya təhsil arxasınca gəlmiş alman - kommunist Qans Teyblerlə tanış olur. 1930-cu ildə ona ərə gedib Almaniyaya köçür. Orda ərinin təklifi ilə Kommunist Partiyası sıralarına daxil olub Almaniya Sovet Ticarət nümayəndəliyində makinaçı işinə düzəlir.

Hələ üstəlik Berlində tanınmış rejissor Ervin Piskator Tatyananın keçmiş aktrisa olduğunu eşidib onu tamaşalarda oynamağa dəvət edir. Onun tamaşaları təbliğata yönəlmiş tamaşalar idi, o vaxtın bütün kommunist ideoloqlarının işləri kimi. Tatyana burda Sovet dramaturqlarının əsərlərinin tamaşalarında oynayırdı.

Hər şey yaxşıymış təsiri bağışlayırdı, amma Tatyana özünün alman əsilli olmasına rəğmən Rusiya üçün darıxırdı. Uzun müddət vətəndən uzaqlarda qala bilmədiyindən və əri də Rusiyaya qayıtmaq istəmədiyi üçün Tatyana onu ayrılmağa razı saldı.

Tatyana keçmiş əri ilə ömür boyu dostluq edərdi. Qansın ikinci nikahından olan oğlu Moskvaya təhsil almağa gələndə Tatyananın yanında qalarmış. Qansın ikinci arvadı bu münasibətə qarşı çıxsa da onların dostluğuna maneə ola bilməyib.

Tatyana bir daha ərə getməyib, uzun müddət gənc arvadının qovduğu atası ilə bir yerdə yaşayıb. Tatyana atasının familiyasını yenidən götürüb və teatrda işə düzəlib. Atası rəhmətə gedəndən sonra Tatyananı teatrın köməkçi truppasına keçiriblər. Az sonra isə təhsili olmadığı üçün işdən çıxarıblar.

30 yaşlı heç bir təhsili olmayan qadın harda işləməli, necə yaşamalıdır? Qardaşı Aleksandr onu özünün baş konstruktor işlədiyi zavoda makinaçı işinə düzəldir. Amma qardaşının da işləri o qədər də yaxşı deyildi, çünki hələ ali məktəbdə oxuyarkən inqilab əleyhinə fəaliyyətinə görə onu həbs etmişdilər.

1936-cı ildə isə Aleksandr Sovet İttifaqında ilk yarış maşınlarını sınaqdan keçirib və zavoddakı işindən çıxıb özü maşın yarışlarında iştirak edib. Hətta üç dəfə bu yarışların rekordsmeni də olub. Nə yazıq ki, həmin il Aleksandr müəmmalı surətdə yoxa çıxıb. Hər halda 1936-cı il özü elə özü haqda çox şey deyir.

Tatyana isə Moskvada yeni açılmış Miniatür Teatrına işə düzəlir. Və yeddi il çox tanınmış rus aktyorları ilə eyni səhnəni bölüşür. Elə burdan da onun kino həyatı başlayır.

Əsgər İvan Brovkinin anası

Əvvəlcə xırda rollarla başlayır kinoya çəkilməyi. Sonralar nəhayət, iri masştablı filmlərdə əsas rollar gəlir.

Aktrisanın məşhurluğu çalışdığı Satira Teatrından başlayıb. Bu teatr onun həyatının baş rolu olub. Bu vaxtlar artıq 49 yaşı vardı, ona qədər yalnız məyusluq və göz yaşları yaşanmışdı həyatında.

"Cehizli toy", "İvan Perepelitsa" və "Əsgər İvan Brovkin" filmləri bir-birinin ardınca ekranlara çıxandan sonra Tatyana Peltser bütün ittifaqda tanınan, arzuedilən sima idi.

"Əsgər İvan Brovkin" filmindən dərhal sonra Tatyana rus əsgərinin anası və üstəlik əməkdar artist adını da aldı.

"İvan Brovkin xam torpaqlarda" filmində Evdokiya rolu məxsusi Tatyana Peltser üçün yazıldı.

Aktrisa özünü "xoşbəxt qarı" adlandırırdı. 75 yaşında da oynadığı obrazlarda rəqs edir, dağdan aşır, hasardan tullanır, trolleybusun üstü ilə qaçırdı.

Onun oynadığı obrazlarda bütün janrlar həmahənglik təşkil edirdi. Komediyanı da, faciəni də eyni məharətlə yaradırdı.

Qəribə bir xasiyyəti də varmış Tatyana Peltserin - kino çəkilişləri başlayıncaya qədər Tatyana rejissorun əsəblərini tarıma çəkərmiş. Elə ki, "motor" əmri verildi, bütün narazılıqlar, kaprizlər arxada qalardı. Tatyana Peltser diqqətini bütünlüklə çəkildiyi rola verilərdi.

Nəhayət, 1972-ci ildə Peltsera SSRİ-nin xalq artisti adı verilir. 1973-cü ildə isə 30 il çalışdığı teatrdan, rejissorun bir kəlməsi ilə çıxıb gedən aktrisa, Mark Zaxarovun teatrında işləməyə başlayır. 73 yaşında, yenidən yeni teatrda... Hər şeyi yenidən başlamaq üçün gərək insanda məxsusi xarakter ola, başqalarında olmayan. Tatyana Peltser məhz belə qadın idi.

85 yaşlı Tatyana Peltser həkimlərin bütün qadağalarına baxmayaraq yenə siqaret çəkir, tünd qəhvə içirdi. Bununla belə hər səhər qaçmağından da qalmırdı. Çox dərin yuxusu vardı. Hətta bir dəfə göyərçin açıq pəncərədən içəri girərək onun alnına qonur, amma Tatyana Peltser yenə də xorultu ilə yatırmış.

Ömrünün sonlarında Tatyana yaddaşını itiribmiş və psixi gərginliyi varmış. Mətbuat hətta onun psixi xəstəxanada döyüldüyünü də yazmışdı. Ondan sonra "Lenkom"un xətti ilə aktrisa daha elitar xəstəxanaya köçürülüb.

Uzun müalicədən sonra aktrisa "Lenkom"da işləməyə qayıdır, amma yalnız bir tamaşada oynaya bilir. Mark Zaxarov məxsusi onun üçün Qriqori Qorinin tamaşanı qoyur və Tatyana son rolunu oynayır. Tamaşada onun oğlunu oynayan Aleksandr Abdulov aktrisanı az qala büllur qab kimi əlləri üstündə səhnəyə çıxardır-düşüb sına biləcəyindən ehtiyat edərək. Rolu demək olar ki, sözsüz idi, peplikalarla, amma zal yalnız Tatyana Peltseri görmək üçün gələn tamaşaçılarla dolmuşdu.

1992-ci ildə pilləkənlərdə yıxılıb ombası sınan 88 yaşlı aktrisa üçün bu yıxılmadan sonra bir yol vardı. Bu yol onu Moskvadakı alman məzarlığına apardı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27393
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar