Bu gün səhər saatlarında Bakı şəhərinin müxtəlif hissələrində yük avtomobillərinin iştirakı ilə iki ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonu ərazisində Bakı-Qazax yolunun 31-ci kilometrliyində " BMW " markalı minik avtomobili və " Mercedes " markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, " BMW " markalı minik avtomobilində olan sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış minik avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 07:43-də başa çatıb.
Digər hadisə də Qaradağ rayonu ərazisində Bakı-Qazax yolunun 31-ci kilometrliyində baş verib. "VAZ" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb.