“Beynəlxalq aləmdə mövcud qaydalar var. Müəyyən təşkilata üzv olan ölkə üzvlüyə görə üzərinə öhdəliklər də götürür. Bu öhdəliklər həmin ölkənin üzv olduğu və ya üzv olmaq istədiyi digər təşkilatlara daxil olmasında ziddiyyət yaradırsa, bu zaman seçim etmək lazım gəlir. Bu mənada Ermənistan da seçim qarşısında idi. Ya Rusiyanın qanadı altına sığınaraq yenə əvvəlki kimi daxili və xarici siyasətini, iqtisadi məsələlərini, bütövlükdə ən xırda belə məsələni Rusiya ilə razılaşdırmalı idi. Ya da, assosiativ üzvlüyə daxil olaraq Avropa İttifaqından iqtisadi yardımlar alıb iflic vəziyyətdə olan iqtisadiyyatını qaldırmağa üstünlük verməli idi”. Lent.az-ın məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, Avropa İttifaqına assosiativ üzvlük yalnız iqtisadi deyil, həm də siyasi məsələdir. Ona görə də, Ermənistanın belə bir iddiaya düşməsi istər-istəməz onun hamisinin xoşuna gəlmədi və ona başa saldılar ki, Avropaya gedən yollara müstəqil addım ata bilməz. M. Qurbanlının fikrincə, Ermənistan məhz Rusiyanı təsiri ilə Gömrük İttifaqına qoşulmaqla bağlı müsbət fikir ifadə edib.
”Gömrük ittifaqına gəlincə, Ermənistanın bu quruma qoşulan dövlətlərlə quru sərhədləri yoxdur. Bunun özü ciddi məsələdir. Eyni zamanda, bu ölkənin düşünən insanları belə yaşamağın çox çətinliklər yaradacağını görməkdədirlər. Yəni ölkə iqtisadiyyatı tamamilə xarici ölkədən asılı vəziyyətdədir. Ermənistanın potensialı tükənib və Avropa İttifaqına assosiativ üzvlük xilasedici kəmər rolunu oynaya bilərdi. Amma bu da əldən çıxdı. Gömrük İttifaqına daxil olub-olmamaqdan asılı olmayaraq, Rusiyanın iqtisadi imkanları çərçivəsində onsuz da Ermənistana yardımlar edilir. Rusiya şirkətləri tərəfindən Ermənistan iqtisadiyyatını ayaqda saxlamaq üçün cəhdlər edilir”- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
YAP rəsmisi onu da bildirib ki, düşmən ölkə öz siyasəti ilə özünü fəlakətə doğru aparmaqdadır. Ermənistanın xilası işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaqdan və bunun müqabilində ölkəmizlə və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, bütövlükdə Cənubi Qafqazdakı ambisiyalarından imtina etməsindən keçir: “Bunu Ermənistan hakimiyyəti dərk etmədikcə kim tərəfindən himayə edilirsə edilsin, mütləq onun siyasəti dalana dirənəcək”.