“Hələ də müvəkkilim Orxan Zeynalovla görüşə bilməmişəm”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlər yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun vəkili Viktor Anikuşkin bildirib.
Onun sözlərinə görə, istintaq orqanları hələ də Orxan Zeynalovla görüşünə icazə verməyiblər.
Vəkil bu gün Presnenski Rayon Məhkəməsinin Orxan Zeynalov barəsində həbs-qətimkan tədbiri seçilməsi qərarından apelyasiya şikayəti verdiyini də bildirib: “Bu gün şikayətimi Moskva Şəhər Məhkəməsinə təqdim etdim”.
V. Anikuşkin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Rusiya Federasiyanın baş prokuroru Yuri Çaykaya şikayət məktubu yazdığını da söyləyib: “Şikayət məktubu Orxan Zeynalov saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən ona qarşı göstərilən təzyiqlərlə bağlıdır. O, saxlanılan zaman təqsirsizlik prezumpsiyasının tələbləri ciddi şəkildə pozulub”.
Vəkil Orxan Zeynalovun ilkin ifadələri haqqında da danışıb. Onun sözlərinə görə, Orxan Zeynalov ilkin ifadəsində qətli özünü müdafiə etmək məqsədilə törətdiyini bildirib: “Orxan bildirdi ki, özünü müdafiə edib. Şerbakovu öldürmək fikri olmayıb”.