ABŞ-ın məşhur “Dekster” serialına böyük maraq göstərən britaniyalı kriminalistika tələbəsi kirayələdiyi evdə hazırladığı “qətl otağı”nda seks işçisini öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Benjamin Dey 24 yaşlı rumıniyalı Mariya Saçanunu plastik örtüklərlə hazırlanmış otağa gətirib. Hadisə ötən il dekabrın 21-də Vest-Midlendsin Tividale bölgəsində kirayələnmiş evdə baş verib.
İstintaq materiallarına əsasən, Dey qadına 78 bıçaq zərbəsi vurub və daha sonra onun meyitini parçalamağa başlayıb. O, saxlanılarkən “Dekster” serialının qəhrəmanının geyiminə bənzəyən xaki rəngli köynəkdə olub.
Cinayət törədilən zaman 19 yaşı olan Dey Vulverhempton Kral Məhkəməsində keçirilən prosesin ikinci günündə vəkili ilə məsləhətləşdikdən sonra ifadəsini dəyişərək özünü təqsirli bilib. Ona dekabrın 4-də hökm oxunacağı bildirilir.
Prokuror Reyçel Brend məhkəmədə bildirib ki, təqsirləndirilən şəxs qətldən əvvəl bir neçə saat ərzində xüsusi otaq hazırlayıb. O, Vest-Midlendsin Tividale bölgəsində, yaşadığı Reddiç şəhərində ev kirayələyib.

Məhkəmədə ilkin olaraq Benjamin Deyin özünümüdafiə arqumentindən istifadə edəcəyi gözlənilib. Onun otağı “Dekster” serialına həsr olunan və TikTok-da paylaşılması nəzərdə tutulan video çəkmək üçün hazırladığını iddia edəcəyi bildirilirdi.
“Dekster” serialının baş qəhrəmanı Dekster Morqan Mayami polisində qan izləri üzrə məhkəmə eksperti işləyən, eyni zamanda serial qətllər törədən obrazdır. O, əsasən cəzadan yayınmış ağır cinayətkarları əvvəlcədən hazırladığı otaqlarda öldürür və meyitlərini parçalayır.
Prokurorluğun məlumatına görə, Benjamin Dey Mariya Saçanu ilə xüsusi internet saytı vasitəsilə əlaqə saxlayıb və bunun üçün birdəfəlik telefondan istifadə edib.
Prokuror Reyçel Brend bildirib ki, mövcud sübutlar cinayətin əvvəlcədən və detallı şəkildə planlaşdırıldığını göstərir. Onun sözlərinə görə, Dey qadını kirayələdiyi otağa gətirib, onu öldürməyə hazırlaşıb və daha sonra meyiti iz buraxmadan yox etməyi planlaşdırıb.
Lakin plan baş tutmayıb. Məhkəmədə bildirilib ki, Dey qadına 78 bıçaq zərbəsi vurduqdan sonra meyiti parçalamağa çalışarkən özünü kəsib və bu işi yarımçıq qoyub.
Daha sonra o, evdən çıxaraq müəyyən məsafə getdikdən sonra 999 təcili yardım nömrəsinə zəng edib və kömək istəyib.
Polisin bədən kamerası ilə çəkilmiş görüntülərdə Benjamin Deyin əvvəlcə ona vəhşi it və ya tülkünün hücum etdiyini söylədiyi görünür. O, xəstəxanaya aparıldıqdan sonra polis tərəfindən saxlanılıb.