Uşağını öldürməkdə təqsirləndirilən ananın işi MƏHKƏMƏDƏ
Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Günel İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 10-na təyin edilib.
İttihama görə, rayonun Qərvənd kəndində yaşayan, Laçın rayonundan məcburi köçkün, 27 yaşlı İsmayılova Günel Şahsevər qızı 10 aylıq qızını boğaraq öldürüb.
O, daha sonra Quzanlı qəsəbəsinə gedərək polisə təslim olub.
Günel İsmayılova Ağdamın Göytəpə kənd sakini ilə ailə qurduqdan sonra Qərvənddə məskunlaşıblar. Ailədə mütəmadi olaraq münaqişələr baş verib və onlar boşanmaq həddinə çatıblar.
Günelin keçmiş əri övladını onun əlindən alacağını deyəndən sonra 27 yaşlı qadın əsəbi haldı körpəsini öldürmək qərarına gəlib.
İstintaq orqanı tərəfindən Günel İsmayılovaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham verilib.
576