Yaxın dostunu öldürənə HÖKM OXUNDU
Dostunu pula görə bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Sənan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Sənan Əzimovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Sənan Əzimov son sözündə bildirib ki, heç bir tamah məqsədi olmayıb: "Rüfətə borcum olub, amma onu öldürmək niyyətim olmayıb. İş qurmaq üçün ondan 6 min manat borc almışam. Yanımda işlədi, ona 1500 manat qaytardım. Yanımda işlədiyinə görə ona əlavə aylıq pul da verirdim. Sonra məndən pul istədi, söz verdim ki, qaytaracağam. Məni görüşə çağırdı, ondan spirtli içki iyi gəlirdi. Söhbət zamanı mənə əl atdı. Bir neçə dəfə onu sakitləşdirdim. Əl-qol atdı, onu yumruqla vurdum. Aralandıq. Bir də gördümn yerdən nəsə götürüb üstümə gəldi. Bu zaman geri çəkildim, bilmədən onu bıçaqla vurdum. Peşmanam. İstəməzdim belə bir şey olsun".
Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Sənan Əzimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Onun ittiham olunduğu 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Suraxanı rayon Əmircan qəsəbəsi ərazisində - dəmir yolu platformasında baş verib. Rayonun Bülbülə qəsəbə sakini Əzimov Sənan Natiq oğlu tanışı, 1987-ci il təvəllüdlü Palejniy Rüfət Vasilyeviçi bıçaqlayaraq öldürüb. S.Əzimov tanışını öldürəndən sonra könüllü olaraq polisə təslim olub.
302