Üç nəfərin ölümünə səbəb olan sürücülərin məhkəməsi başlayır
3 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Allahverdi Məmmədov və Mais Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, sürücülər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində baş verib. Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşub.
Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, 8 nəfər xəsarət alıb.
613