Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bu gün cəbhə bölgəsində ermənilərin atəşinə məruz qalan rayonlarda tapılan sursatla bağlı hesabat yayıb.
Qurumdan Lent.az-a daxil olan hesabatda bildirilir ki, bu gün Agentlik tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarında partlamamış hərbi sursatlar aşkar edilib.
Tərtərdə 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib. Nəticə etibarı ilə 2 000 kv.m. ərazi yoxlanılıb.
Ağdam rayonunun Əfətli kəndində isə 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib. Nəticədə 1 ədəd 152 mm-lik top mərmisi aşkar olunaraq, zərərsizləşdirilib.
Ağcabədi rayonunun Qaraxanlı kəndi də 8 ev və həyətyanı sahədə 10 partlayış yerinə baxış keçirilib. Burada partlamamış hərbi sursat aşkar edilyib.
Agentlik tərəfindən 10 ev, 12 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib və ümumilikdə 3 000 kv. m ərazi yoxlanılıb.
Agentlik tərəfindən 7-29 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 378 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 294 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.