Terrorçuluqda ittiham olun şəxs özünü "dəliliyə vurdu"
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib. Qeyd olunub ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər.
İttihamda göstərilib ki, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub. 2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İ.Ağayev də bu vəsaitləri toplanan başqa pulların üstünə qoyaraq, Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda isə 75 min dollar pul göndəriblər.
Adları çəkilən üç nəfərə qarşı CM-nin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. İlqar Ağayevə isə bundan əlavə, CM-nin 228.4 (qanunsuz olaraq, qaz silahı, soyuq silahəldə etmə, gəzdirmə və ya satma) maddəsilə də ittiham verilib.
Təqsirləndirilən şəxslərdən Namiq Məmmədov və Sahil İbrahimov özlərini təqsirli bilmədiklərini deyiblər. Ancaq bundan artıq ifadə verməyiblər.
İlqar Ağayevin isə fikrini öyrənmək mümkün olmayıb. O, məhkəmədə davranışları, danışıqlarıyla diqqət çəkib.
Onun vəkili məhkəmədə vəsatət qaldıraraq, İlqar Ağayevin psixiatrik ekspertizadan keçirilməsini istəyib.
Hakimlər bildiriblər ki, bu vəsatət müzakirə olunub qərar veriləcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib. DTX-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır. Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər. Qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
657