Tara həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Beynəlxalq Muğam Mərkəzində (BMM) “Dəyirmi masa” layihəsi çərçivəsində “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri” adlı elmi-praktiki konfrans keçirilib.
ONA xəbər verir ki, konfrans Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə giriş sözü ilə çıxış edən Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova konfransın əhəmiyyətindən söz açaraq qeyd edib ki, milli musiqi alətimiz olan tarı yaşatmaq, onu daha da təkmilləşdirərək gələcək nəsillərə çatdırmaq üçün belə tədbirlərin təşkili olduqca təqdirəlayiqdir.
Sonra Milli Konservatoriyanın Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi (elmi-tədqiqat) Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun tar əmsalları və standartları haqqında məruzəsi dinlənilib. Məruzədə milli musiqi aləti olan tarın pərdə quruluşu, not sistemi,diapazonu,bədii-texniki imkanları haqqında deyilib.
Elmi-praktik konfransda BMM-nin direktoru, xalq artisti Murad Hüseynov, AMK-nın rektoru, xalq artisti Siyavuş Kərimi həmçinin regionlardan dəvət olunmuş tar ustaları iştirak ediblər.
Sonda AMK-nın Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi Laboratoriyasının təkmilləşdirdiyi musiqi alətlərindən ibarət tar ansamblının ifasında musiqi nömrələri tamaşaçılara tədqim edilib.
750