Bakıda daha bir küçədə təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşacaq.
“Azəravtoyol” ASC-dən Lent.az-a verilən xəbərə görə, bu gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi (6-cı mikrorayon istiqamətinə dönən yol) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlı olacaq. M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən şəhərə doğru gələn avtonəqliyyat vasitələrinə Süleyman Sani Axundov ( m.Azadlıq stansiyası, 8-ci mkrn. istiqamətinə ) və Məsud Davudoğlu küçələri ilə ( 6-cı mkrn. istiqamətinə ) hərəkət təmin olunacaq.
Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək ( 3-4 gün ) tətbiq olunacaq.
Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edirik.