Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları oğurluq etməkdə şübhəli bilinən Füzuli rayon sakinini saxlayıb.
APA TV-nin məlumatına görə, oğurluq hadisələri Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağları adlanan ərazidə baş verib. Orada yaşayan sakinlərin bir hissəsi evlərindən oğurluq edilməsi barədə idarəyə şikayət ərizələri veriblər. Araşdırmalara başlayan polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini 45 yaşlı Şükür Zeynal oğlu Quliyev saxlanılaraq, istintaqa təhvil verilib. O, fadəsində saxlanılan şəxs evlərə pəncərədən daxil olduğunu bildirib:
“Qapı bağlı olurdu. Bilirdim ki, heç kim yoxdur. “Zabor”dan həyətə düşürdüm. Evlərə pəncərədən girirdim”.
Şükür Quliyev oğurluqları pula ehtiyacı olduğu üçün törətdiyini deyib. O, saxlanılan zaman oğurladığı qızılların və pulun bir hissəsini qaytarsa da, qalan hissəsini satdığını bildirib:
“Qızılları satdım. “Moskva” univermağında. 770 manata”.
Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, Şükür Quliyevin digər oğurluq hadisələrində də əlinin olması istisna edilmir.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də eyni əmələ görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.