Sumqayıtda şəhərində baş vermiş silahlı insidentlə bağlı bəzi məqamlar aydınlaşıb. Bu şəhərdə yaşayan dindarlardan biri Lent.az-a bildirib ki, dünən axşam saatlarında vəhhabi təriqətinə mənsub olan bir qrup şəxs 10-cu mikrorayon ərazisində toplantı keçirib. Toplantıda Suriyaya döyüşçü göndərmək məsələsi müzakirə olunub. Müzakirə zamanı vəhhabilərin xəvariclər qoluna aid qrupla, digərləri arasında Suriyaya döyüşçü göndərib-göndərməmək məsələsi üstündə mübahisə düşüb. Az sonra mübahisə atışma həddinədək qızışıb.
Mənbə bildirir ki, xəvariclər vəhabilərin ən radikal qoludur. Onlar Sumqayıtı özlərinin müqəddəs şəhəri elan ediblər: “ Azərbaycanda hansı təriqət üzvünə təzyiq göstərilirsə, onlar Sumqayıta gəlir, burda məskunlaşırlar. Nəinki Azərbaycan, Dağıstan və Qafqazın digər ərazilərindəki xəvariclər üçün də Sumqayıt əsas mərkəzlərdən biridir”.
*****
12:33
Sumqayıtdakı atışma ilə bağlı cinayət işi başlanılıb
Dekabrın 12-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş silahlı insidentlə bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, atışma faktı ilə bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə iş başlanılıb. Hazırda Sumqayıt şəhəri və ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bir neçə nəfərin yaxalandığı bildirilir.
Qeyd edək ki, Sumqayıtdakı silahlı insident radikal dini qruplaşma üzvləri arasında baş verib.
*****
11:53
Sumqayıtda ötən gecə baş verən silahlı insidentin bəzi detalları məlum olub.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə baş verən atışmada polis tərəf olmayıb. Silahlı insident radikal dini qruplaşma üzvü olduğu ehtimal edilən iki tərəf arasında baş verib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib, silahlı insidentin bir neçə iştirakçısı isə saxlanılıb.
Hazırda baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
***
00.29
Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdiriliblər.
***
23.31
Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında atışma olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, atışma X mikrorayonda, “Soltan” marketin yaxınlığında baş verib.
Əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Atışma nəticəsində qarşı tərəfdən yaralananların olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb. Bir nəfər saxlanılıb. Əməliyyat davam edir.