Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nda dəyişikliklər edib.
Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi barədə” ölkə prezidentinin fərmanının icrasını təmin etməklə bağlıdır.
Fərmana əsasən, üç ay müddətində Nazirlər Kabineti normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Prezidentə məlumat verməlidir. Dəyişikliyə gəlincə, indiyə qədər şəhərlərin və digər yaşayış yerlərinin ərazisində su mühafizə zonalarının ölçüləri və sərhədləri konkret planlaşdırma və tikinti şəraitindən asılı olaraq təsdiq olunmuş baş planlara uyğun müəyyən edilirdisə, bundan sonra şəhərlərin və digər yaşayış yerlərinin ərazisində su mühafizə zonalarının ölçüləri və sərhədləri ərazi planlaşdırılması sənədlərinə uyğun müəyyən ediləcəcək. Ərazi planlaşdırılması sənədləri isə aşağıdakılardır:
- Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin (regionların, rayon ərazi vahidlərinin) ümumi ərazi planlaşdırılması çərçivəsində hazırlanan ümumi planları;
- şəhərlərin və digər yaşayış məntəqələrinin ərazidən istifadəsinin planlaşdırılması çərçivəsində hazırlanan Baş planları;
- yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planları.
Baş planlar ümumi, müfəssəl planlar isə baş planlar əsasında hazırlanır. Qonşu inzibati ərazi vahidlərinin ərazi planlaşdırılması sənədləri bir-birilə razılaşdırılmaqla hazırlanmalıdır. Razılaşdırma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Ərazi planlaşdırılması sənədləri məcburi hüquqi qüvvəyə malikdir və ictimaiyyət üçün açıqdır. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə hüquqi və ya fiziki şəxslərə ərazi planlaşdırılması sənədləri ilə tanış olmaq imkanı yaratmağa və sorğu əsasında həmin sənədlərin surətini verməyə borcludur.
“Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nda edilən digər dəyişikliyə əsasən, indiyə qədər su mühafizə zonalarının layihələri tərtib və təsdiq edilənədək, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyi su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının minimal ölçülərini müəyyən edir, onlar şəhərlərin və digər yaşayış yerlərinin tikinti baş planlarına, torpaq istifadəsi planlarına və digər plan-kartoqrafik materiallarına köçürülürdü. Bundan sonra su mühafizə zonalarının layihələri tərtib və təsdiq edilənədək, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyi su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının minimal ölçülərini müəyyən edəcək, onlar şəhərlərin və digər yaşayış yerlərinin baş planlarına köçürüləcək.