Bakıda soyğunçuluq maddəsi ilə axtarışda olan 22 yaşlı şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent..az-a verilən xəbərə görə, Suraxanı rayon 31-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini Orxan Qəzənfərov saxlanılıb.
Aparılan araşdırmalar zamanı O.Qəzənfərovun müxtəlif vaxtlarda bir neçə soyğunçuluq əməli törətməsi müəyyən olunub. O.Qəzənfərov 2012-ci il yanvarın 13-nə keçən gecə Yeni Suraxanı qəsəbəsi Kalinin küçəsində yaşayan Sahil Qənbərova məxsus “VAZ-2107” markalı avtomobilin qabaq faralarını, 2014-cü il martın 4-də Yeni Suraxanı qəsəbəsi Zərdabi küçəsində yaşayan Vəzir Həsənova məxsus “VAZ-2107” markalı avtomobildən maqnitafon və mobil telefon, mayın 23-də 14 iyul küçəsində Qənbər Qənbərova məxsus “VAZ-2107” markalı avtomobildən, arxa şüşəsi çıxarılmaqla maqnitafon oğurlayıb.
O.Qəzənfərovun mayın 26-na keçən gecə Y.Suraxanı qəsəbəsində Cavanşir Hümbətova məxsus “Mercedes” markalı avtomobildən 2 ədəd bankomat kartı, iyunun 1-də T.Nərimanov küçəsində Əfqan Məlikova məxsus “Kia-Rio” markalı avtomobildən, şüşəni açmaq yolu ilə 35 manat və mobil telefon, iyunun 4-də isə 14 iyul küçəsində İntiqam Nəbiyevə məxsus “Mercedes” markalı avtomobildən 2 ədəd mobil telefon oğurladığı da məlum olub.