Şirvanda Türkiyə vətəndaşını ağır yaralayaraq pulunu oğurlayan şəxslər saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, “Galaxy” şirkətinin rəhbəri olan Türkiyə vətəndaşı, 57 yaşlı Sədrəddin Akkurt özünə məxsus “Toyota Land-Cruiser” markalı avtomobili idarə edərkən aprelin 3-ü saat 22.00 radələrində Şirvan şəhəri, M. Əsədov küçəsində quldur basqınına məruz qalıb. Bu zaman ona hücum edən şəxslər avtomobili qaçırıblar. Bir müddət sonra avtomobil Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yolun kənarında qəzaya uğramış vəziyyətdə tapılıb. Avtomobildə olan 54 min manat pul isə yoxa çıxıb.
Sədrəddin Akkurt ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.
Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədənlərin tutlması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində iş adamına hücum edən şəxslərin Şirvan şəhər sakinləri, 32 yaşlı Mirzəyev Ayət Əhmədağa oğlu və 28 yaşlı əvvəllər məhkum olunmuş Əhmədov Natiq Elman oğlu olduğu məlum olub. Adı çəkilən şəxslər polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onlar barəsində aprelin 8-də Şirvan şəhər məhkəməsi tərəfindən 4 aylıq həbs-qəti imkan tədbir seçilib.
Qeyd edək ki, Natiq Əhmədov və Ayət Mirzəyev törətdikləri cinayəti qabaqcadan planlaşdırıblar. Belə ki, Ayət və Natiq VAZ 21099 markalı avtomobillə Məhəmməd Əsədov küçəsinə gəliblər. Natiq avtomobilin yük yerindəki velisopedi götürərək, Sedrettin Akkurtun gəlişini gözləyib. Ayət isə öz avtomobili ilə iş adamının avtomobilinin arxasınca düşərək onu izləyib və gəlişi barədə məlumatı Natiqə çatdırıb. Natiq velisopedlə iş adamının avtomobilinin qarşısında yıxılmasını səhnələşdirir və bu zaman maşından düşərək ona kömək etmək istəyən Sədrəddin Akkurtu Ayət Mirzəyev təkər açarı ilə vuraraq, yerə yıxır. Daha sonra onlar avtomobildə olan 54 min manatı götürərək aradan çıxırlar.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.