GÜNÜN ŞƏRHİ
Adam var sözü milyon deməkdir... Bir zamanlar az qala hər türk serialında, hətta bəzən hər seriyada təkrarlanan bu sözdə həqiqət payı çoxdur. Məsələn, Səudiyyənin müdafiə naziri Məhəmməd bin Salmanın “Bloomberg”ə dediyi bircə kəlmə neft ölkələrinə yüz milyon dollara yaxın ziyana başa gəlib. Nazir deyib ki, İran razılığa qoşulmasa, Səudiyyə Ərəbistanı hasilatı dondurmaq haqqında sazişə imza atmayacaq. Bu açıqlamadan sonra dünya bazarında “qara qızıl”ın qiyməti qısa müddətdə 1 dollar ucuzlaşıb. Üstəlik proses davam edir, həftənin son seanslarına kimi qiymətlərin 38 dollara enəcəyini də iddia etmək olar. Nəzərə alsaq ki, dünyada gündəlik satılan neftin miqdarı təxminən 95 milyon bareldir, o zaman səudiyyəli nazir bir açıqlaması ilə neft ölkələrini nə az, nə çox, düz 100 milyon dollar zərərə salıb. Bu işin statistik və real vəziyyətidir. Uzunmüddətli anlamda isə bu açıqlama neftin taleyinə bəslənən ümidlərə su səpilməsi deməkdir. Nazirin açıqlamasından sonra aprelin 17-də Dohada razılaşma əldə olunacağına və hasilatın 11 yanvar tarixi səviyyəsində dondurulacağına inam xeyli azalıb. Əgər razılaşma əldə olunmasa, o zaman perspektivdə neft hasilatı deyil, neftin qiyməti 11 yanvar səviyyəsinə düşə bilər.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 Aprel
95