GÜNÜN ŞƏRHİ
Suriya hökumətinin və müxalifətinin bəyanatları, İranın, İraqın bəzi dairələrinin açıqlamaları, Vaşinqtonun rəhbərlik etdiyi koalisiya təyyarələrinin humanitar yardımları bəzən "yanlışlıqla" terrorçuların əlində olan ərazilərə atması və Amerikanın müasir silahlarından birinin İŞİD-in əlinə keçməsi... Maraqlı faktlardır, deyilmi?
Son hadisənin də əvvəlkilər kimi, hansısa Amerika rəsmisi onlara atılan böhtan olduğunu açıqlaya bilər. Təbii ki, bunun məhz belə olduğunu düşünənlər də tapılacaq. Normaldır, hər kəs öz fikrində haqlı sayılır. Bir məsələ isə bunu imkansız edir. Əgər Vaşinqton bunun böhtan olduğunu açıqlasa, demək, təhlükəsizlik baxımından 1 nömrə hesab olunan Pentaqonda bu sarıdan ciddi problem var və terrorçular bu silahı çox asanlıqla ələ keçiriblər. Ya da biriləri Amerika ordusunda terrorçularla əməkdaşlıq edir. Ona görə də Vaşinqtonun belə bir bəyanat verəcəyi inandırıcı görünmür.
Dünyada ən üstün hərbi gücə malik olan bir ölkə imicinə heç vaxt belə bir zərbə vurmaz. Amma ABŞ nəyin bahasına olursa-olsun, bu məsələyə aydınlıq gətirməlidir. Yoxsa "İŞİD bir amerikan projesidir" deyimi isbatlanmış olacaq...