Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Azərbaycana valyuta və dərman preparatları keçirilməsinin qarşısını alıb. Lent.az-ın DGK-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən J2 077 saylı Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşı Rüstəmov Rasim Ağabala oğlunun hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb. Qanunvericiliyə uyğun olaraq ona məxsus baqaja gömrük baxışı keçirilib və üzərində şəxsi yoxlama aparılıb.
Gömrük baxışı zamanı R.Rüstəmova məxsus qara rəngli çamadanın içərisindəki şəxsi əşyaların arasından 6 ədəd bağlamada gömrük sərhədini keçərkən bəyan etmədiyi 140 min, üzərindən isə 10 min, ümumilikdə 150 min ABŞ dolları aşkar edilib.
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda isə Gürcüstan respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı Tomaev Şahin Əhməd oğlunun idarə etdiyi “Renault” markalı, 90JZ606/10ZH735 dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda yataq yerinin altında olan yeşikdən gömrük nəzarətinə bəyan olunmamış “Desmopressin” adlı 298 flakon dərman preparatı aşkar edilərək saxlanılıb.
Hər iki faktla bağlı DGK-nin İstintaq İdarəsində təhqiqat aparılır.