Salyanda mağazadan oğurluğa cəhd göstərmiş şəxs bıçaqla özünə xəsarət yetirib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 31-də Salyan şəhərində şəhər sakini Mübariz Abbasova məxsus mağazaya gəlmiş naməlum şəxs orada satıcı işləyən Səadət Qasımovaya çəkiclə xəsarət yetirərək oradan ərzaq məhsulları aparmağa cəhd göstərib, müqavimətlə rastlaşdığından hadisə yerini tərk edib.
Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin rayon sakini Rəfayel Rüstəmov olduğu və onun xalası Natalya Rüstəmovanın evində olması, ora baxış zamanı isə Rafayel Rüstəmovun bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirməsi müəyyən edilib.
Xəstəxanaya yerləşdirilmiş R.Rüstəmovun vəziyyəti orta-ağır olduğundan dindirilməsi mümkün olmayıb. Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.