Bu gün Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanov barəsində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayətə baxılıb. .
Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə keçən il yanvarın 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən H.Həsənovun gəzdirdiyi it onun həyat yoldaşı və rəfiqələrinə hürməyə başlayıb. Buna hirslənən E.Çobanov H.Həsənovdan itini kənara çəkməsini istəyib. Tərəflər arasında mübahisə yaranıb və E.Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə H.Həsənova, daha sonra isə onun dostu O.Məmmədzadəyə zərbə endirib. Hadisədən sonra E.Çobanov oranı tərk edib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, prokurorluq isə apellyasiya protesti verib.