Şabran rayonunda fermalardan birinə basqın edən iki nəfər tutulub. Lent.az-ın "anspress"ə istinadən məlumatına görə, Şabran rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Laçın Hacıyevin deyib ki, hadisə aprel ayının 4-də gecə saat 23:30-da, rayonun Dəvəçi kəndində qeydə alınıb.
Kəndin kənarında yerləşən 1942-ci il təvəllüdlü Zülfi Əmrah Harunovaya məxsus fermaya iki nəfər atlı girib. Onlar fermaya girərkən it hürməyə başlayıb. İtin səsinə Zülfi Harunova çölə çıxıb. Atlılardan biri tez fermanın işıqlarını söndürüb. Biri də əlində tutduğu yaba ilə qadının başına və bədəninə bir neçə ağır zərbə vurub. Qadın zərbələrin nəticəsində huşunu itirib.
Səs-küyə qonşuluqdakı fermalardan gələnləri görən atlılar qorxuya düşüb. Onlar fermadan yalnız 2 hinduşka götürərək qaçıblar.
Qonşular ferma sahibəsini huşsuz vəziyyətdə tapıblar və onu xəstəxanaya aparıblar.
Məlumat daxil olan kimi Şabran rayon polis şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat zamanı hadisəni həmin kənddən olan 1982-ci il təvəllüdlü İlham Əzməmməd oğlu Seyidov və 1988-ci il təvəllüdlü Cavad Əli oğlu Əkbərov tərəfindən törədildiyi məlum olub.
“Tərəfimizdən keçirilən əməliyyat nəticəsində İlham Seyidov və Cavad Əkbərov saxlanılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Onlardan quldurluq edərkən istifadə etdikləri yaba və hadisə yerindən onlara məxsus iri bıçaq götürülüb”, - deyə Laçın Hacıyev bildirib.