VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham olunaraq, barəsində üç aylıq həbs qətimkan tədbiri seçilən NİDA Vətəndaş Hərəkatının kordinatoru Zaur Qurbanlının zaminə götürülməsi üçün bu gün Baş prokuror Zakir Qaralova müraciət edib.
Lent.az-ın məlumatına görə, müraciətdə Z.Qurbanlının bir neçə xəstəlikdən əziyyət çəkdiyi, müalicəyə ciddi ehtiyac duyduğu, əvvəllər məhkum olunmadığı nəzərə alınaraq, onun məhkəməyə qədər müddətdə millət vəkilinin zaminliyinə buraxılması xahiş edilir.
Xatırladaq ki, Zaur Qurbanlı narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatları əsasında saxlanılarkən polisə müqavimət göstərdiyi üçün ötən ilin oktyabrında 15 sutka həbs olunmuşdu. 2003-cü il aprelin 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb və qanunsuz odlu silah saxlamaq ittihamı elan edilərək, Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.