Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"
08 oktyabr 2026 14:05 (UTC +04:00)

Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"

1

Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə “vitrindəki qiymət köhnədir”, “endirim bitib, etiketi sökməyi unudublar”, yaxud “bizim məlumatımız yoxdur”, deyilir.

Bəs görəsən, bu hal nə dərəcədə qanunidir? Marketlərin istehlakçını aldatmasına qarşı hansı tədbirlər görülür? İl ərzində neçə sahibkar və ya şirkət cərimələnib?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, istehlakçı məhsul alarkən vitrin və kassa qiymətləri arasında fərqlə qarşılaşdığı halda mağaza rəhbərliyinə müraciət edərək vitrində göstərilən qiymətlə satılmasını tələb etmək hüququna malikdir:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə əsasən, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Malın adı, çəkisi və növü qablaşdırmada göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri qeyd olunmalıdır.

Məhsulun satış qiyməti piştaxta və ya vitrinlərdə göstərilən qiymət hesab edildiyindən, istehlakçılarla hesablaşmalar məhz həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş zamanı istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçı hüquqlarının pozulması, yəni malın (xidmətin) hesabına dair istehlakçıların aldadılması kimi qiymətləndirilir.

İstehlakçı məhsul alarkən vitrin və kassa qiymətləri arasında fərqlə qarşılaşdığı halda mağaza rəhbərliyinə müraciət edərək məhsulun vitrində göstərilən qiymətlə satılmasını tələb etmək hüququna malikdir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə məsuliyyət nəzərdə tutulub”.

Bildirilib ki, bu il in 9 ayı ərzində 11 sahibkarlıq subyekti barəsində ümumilikdə 22 inzibati xəta haqqında protokol tərtib edilib:

“Müvafiq sahədə nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılmışdır. Nəzərdə tutulmuş müddətdə Agentlik yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.

Bu əsasda Agentliyə daxil olan vətəndaş müraciətləri əsasında müvafiq araşdırmalar aparılır və araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyə əsasən zəruri tədbirlər görülür. 2026-cı ilin 9 ayı ərzində istehlakçıların aldadılması halları ilə bağlı Agentliyə ümumilikdə 408 müraciət daxil olub, həmin müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində əldə edilmiş faktlar və toplanmış sübutlar əsasında 11 sahibkarlıq subyekti barəsində ümumilikdə 22 inzibati xəta haqqında protokol tərtib edilib.

Bildiririk ki, yuxarıda qeyd olunan hallarla bağlı məhsulun alışını, həmçinin vitrində və kassada tətbiq olunan qiymətlər arasında fərqin olmasını təsdiq edən müvafiq sübutlar (kassa çeki, fotoşəkil və s.) Agentliyə təqdim edildiyi təqdirdə, həmin faktlar araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcəkdir.

İstehlakçılar malların üzərində göstərilən qiymətdən (o cümlədən endrimli qiymətdən) yüksək qiymətə satılması, habelə hesablaşma zamanı hüquqlarının pozulması halları ilə qarşılaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 326

Oxşar yazılar