Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bu barədə APA-ya məlumat verən vəkil Vüqar Xasayev bildirib ki, cinayət işi baxılmaq üçün Naxçıvan Hərbi Məhkəməsinə göndərilib. İş üzrə məhkəmənin hazırlıq iclası iyunun 8-nə təyin edilib.
Qeyd edək ki, V. Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur.
V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.