Rusiyalı futbolçu: “Arsenal” həm “Neftçi”, həm “Speranta”nı keçmək gücündədir”
“Avropa Liqasında hansı komanda ilə qarşılaşacağımız tam dəqiqləşməyib. Amma indidən deyə bilərik ki, “Arsenal” həm “Neftçi”, həm “Speranta”nı keçmək gücündədir”.
APA-nın məlumatına görə, bunu Rusiyanın “Arsenal” klubunun futbolçusu İqor Qorbatenko deyib.
Yarımmüdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. O qeyd edib ki, yarışa bu raunddan başlayacaq komandası “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) cütünün qalibini keçmək iqtidarındadır: “Bu rəqibi keçdikdən sonra yolumuza davam edə bilərik. İndidən belə uzağa getmək də lazım deyil. Təxminən bir ay vaxtımız var. Hazırlıq prosesini keçdikdən sonra çempionatın startında və avrokuboklarda maksimum nəticə qazanmaq üçün hər şey edəcəyik. Başa düşürük ki, Avropada özümüz və şəhərimiz haqda fikir formalaşdıra bilərik. Bu imkandan yararlanmaq və qrup mərhələsinə düşmək istəyirik. Azarkeşlərimizi layiqli futbolla sevindirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də, II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
675