Moskvada iki azərbaycanlı arasında birinin ölümü ilə nəticələnən qanlı hadisə baş verib. Lent.az-ın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, Moskva hüquq-mühafizə orqanlarından verilən məlumatda əvvəlcə Belovejsk küçəsində Şahverdiyev familiyalı 27 yaşlı azərbaycanlının çoxsaylı bıçaq zərbələri ilə öldürüldüyü barədə polisə məlumat daxil olub.
Polis qatili tapmaq üçün genişmiqyaslı axtarış əməliyyatlarına başlayıb. Daha sonra elə həmin küçədən daxil olan ikinci məlumatda 35 yaşlı azərbaycanlı Mirzəyev Ramin Paşa oğlunun odlu silahdan açılan atəşlə yaralandığı bildirilib. Polis xəstəxanaya aparılan yaralanı dindirərkən məlum olub ki, Şahverdiyevi bıçaqlayan da odur.
Araşdırma zamanı o da məlum olub ki, iki azərbaycanlı arasında dava baş verdiyi, dava zamanı Şahverdiyev Mirzəyevə tapançadan atəş açaraq onu çiynindən və boynundan yaralayıb, yaralı Mirzəyev bıçaqla rəqibinə hücum edərək ona çoxsaylı zərbələr vurub.
Mirzəyev ifadəsində bildirib ki, Şahverdiyevlə aralarında münaqişə biznes maraqları üstündə baş verib.