Aprelin 3-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ramil Usubov dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkib. Daxili işlər naziri iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələrdən, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımdan, kadr hazırlığı sahəsindəki rolundan bəhs edib, qonağın bundan öncə Türkiyə Jandarm Quvvələrinin Baş Komandanı vəzifəsində çalışdığı zaman sözügedən məsələyə xüsusi həssaslıqla və diqqətlə yanaşmasını məmnunluqla xatırladaraq göstərilən hərtərəfli dəstəyə və yardıma görə Türkiyə tərəfinə, şəxsən cənab Necdet Özelə minnətdarlığını bildirib.
Cənab Ramil Usubov bu səfərin əlaqələrimizin inkişafına təkan verəcəyinə, iki qardaş dövlətin müvafiq qurumları arasında əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib. Daha sonra nazir kriminogen durum barədə qısa məlumat verib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel iki ölkənin aidiyyatı orqanları, o cümlədən Silahlı Qüvvələrin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirmiş və bu əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alpər Coşqun iştirak edib.