İqtisadçı alim Qubad İbadoğlunun Beynəlxalq Bankdakı şəxsi hesabına və yaratdığı İqtisadi Tədqiqatlar Mərkəzinin “Bank Respublika”dakı hesabına həbs qoyulması haqda qərarlardan apellyasiya şikayəti verilib.
Lent.az-ın "Media forum"a istinadən xəbərinə görə, Qubad İbadoğlunun Beynəlxalq Bankdakı şəxsi hesabına həbs Nəsimi Rayon Məhkəməsinin, İqtisadi Tədqiqatlar Mərkəzinin “Bank Respublika”dakı hesabına həbs isə Səbail Rayon Məhkəməsinin qərarı ilə qoyulub.
Apellyasiya şikayətində bu həbs qərarlarının ləğv olunması xahiş edilib.
Q. İbadoğlu deyib ki, məhkəmə qərarlarında bank hesablarına hansı səbəbdən həbs qoyulduğu aydın yazılmayıb: "Qərarlarda ümumi şəkildə qeyd olunub ki, aparılan istintaqla bağlı bank hesablarına həbs qoyulur. Amma prokurorluq aparılan istintaqla bağlı bizimlə əməkdaşlıq etməyib. Yalnız bir dəfə məni istintaqa çağırıblar. Mən prokurorluğa avqustun 27-də getmişəm. Bank hesablarına həbs qoyulması haqda qərar isə ayın 26-da verilib. Məhkəmə qərarlarında Baş Prokurorluğun apardığı istintaqa istinad olunur, amma istintaq işində mənim barəmdə və rəhbərlik etdiyim təşkilat haqda nə yazıldığını bilmirik. Məhkəmə prosesində bizim də mövqeyimiz öyrənilməli idi, biz də izahat verərdik və bilərdik ki, təşkilatımızın bank hesabına və mənim şəxsi bank hesabıma həbs qoyulması üçün əsas var, yoxsa yoxdur. Məhkəmə bizim iştirakımız olmadan qapalı şəkildə keçirilib”.
Qubad İbadoğlu həmçinin Müsavat Partiyasının üzvüdür. O, Müsavatın bu ay keçirilməsi nəzərdə tutulan qurultayında partiya başqanı postuna iddiaçılardan biridir.