Cəlilabad rayonunda qonşusunun etibarından sui-istifadə edən şəxs onun inəklərini xəlvəti sataraq evdən qaçıb.
Lent.az-ın anspress-ə istinadən məlumatına görə, həmin şəxs kredit götürmək məqsədilə bank işçilərinə qonşusundan gətirdiyi inəkləri göstərib.
Qeyri-adi dələduzluq hadisəsi rayonun Göytəpə qəsəbəsində baş verib. Qəsəbə sakini Vüqar Xubalıyev qonşusu Ramil Allahverdiyevin tələsinə düşüb. Belə ki, bir neçə gün öncə Vüqarın həyətinə gələn Ramil rayondakı banklardan birindən kredit götürmək üçün ona yardım etməsini xahiş edib.
Bundan ötrü Ramil bank işçilərinin təsərrüfatdakı mal-qaranın qeydiyyatı zamanı Vüqarın 3 inəyini öz təsərrüfatına qataraq mal-qaranın sayını olduğundan daha artıq göstərməyə çalışıb.
Növbəti gün inəkləri geri gətirmək üçün qonşusunun evinə getdikdə tam başqa mənzərə ilə qarşılaşıb.
Qonşusunun etibarından sui-istifadə edərək, ona 1000 manata yaxın ziyan vuran Ramil Allahverdiyev hadisəni törətdikdən sonra evdən qaçıb.
Göytəpə şəhər polis şöbəsindən bildirilib ki, Ramil Allahverdiyev haqqında bundan başqa digər dələduzluq əməli ilə bağlı da şikayət daxil olub. Onun tapılaraq istintaqa cəlb olunması istiqamətində axtarışlar aparılır.