Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İstanbulda İraq türkmənlərinin rəsmi təmsilçiləri ilə görüşüb.
Lent.az-ın məlumatına görə, millət vəkili İŞİD tərəfindən İraqda türkmənlərə qarşı keçirilən adisələr zamanı qətlə yetirilənlərə Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara qısa zamanda sağalmalarını diləyib: “Evlərini tərk etmək məcburiyyətində qalan qardaş-bacılarımız da bizi ciddi narahat edir. Biz İraq mərkəzi hakimiyyət orqanlarının hər bir İraq vətəndaşı kimi, türkmənlərin haqq və hüquqlarını müdafiə etməyə borclu olduğunu, bunun üçün beynəlxalq güclərin, İraqa qonşu ölkələrin, Türk Dünyasının da mənəvi məsuliyyət daşıdığını bilir, daha böyük faciələr yaşanmadan vəziyyətin nəzarət altına alına biləcəyinə ümid edirik. İraq türkmənlərinin son 60 ildə yaşadıqları acılar və onların getdikcə daha da artması, onları evlərindən didərgin salan səbəbləri Türk dünyasının yaxşı bilməli və qardaş-bacılarımıza dəstək olmalıdır. Hər zaman İraq türkmənləri qardaşlarımızın yanındayıq və bütün Türk dünyasını İraqdakı soydaşlarımıza dəstəyə çağırırıq”.
İraqda son vəziyyət, hazırda baş verən hadisələr, getdikcə daha da artan narahatlıqlar barədə danışan İraq Türkləri Kültür ve Yardımlaşma Dərnəyinin rəhbəri Mehmet Tütüncü, Türkmənəli Dərnəklər Federasiyasının sədri Kemal Beyatlı və İraq türkmənlərinin bir çox aydınları Türk dünyasının, Türk dövlət və toplumlarının İraq türkmənlərinə bu narahat günlərdə dəstək, diqqət və qayğısını daha da artıracağını gözlədiklərini və buna çağırdıqlarını deyib. O, bildirib ki, İraq türkmənlərinin həm birbaşa dəstəyə, həm də onların səsinin beynəlxalq ictimaiyyətə, təşkilatlara daha geniş və ciddi şəkildə duyurulması istiqamətində dəstəyə ehtiyacı var.
Azərbaycanın hər zaman İraq türkmənlərinə böyük diqqət göstərdiyini deyən İraq Türkləri Kültür ve Yardımlaşma Dərnəyinin sədri Mehmet Tütüncü, Türkmeneli Dərnəklər Federasiyasının sədri Kemal Beyatlı Azərbaycanla İraq türkmənləri arasında humanitar istiqamətdə layihələrin də daha da artmasının önəmi barədə fikir və təkliflərini bildirib. Q. Paşayeva Azərbaycanın hər zaman Türk dünyası, İraq türkmənləri ilə bağlı məsələlərə həssaslıqla yanaşdığını deyərək, Türk dünyası, Türk dövlət və toplumlarının İraq türkmənlərinə dəstək istiqamətində qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü deyərək onların da dəstək və səylərini artırmalarının vacibliyini vurğulayıb. Görüş zamanı konkret layihələr ətrafında da fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva yaxın zamanlarda İraqda türkmən soydaşlarımızın yaşadığı bölgələrdə tədbirlərə qatılacağını və İraq və Suriyada türkmən qardaş-bacılarımızın vəziyyəti ilə bağlı AŞPA-da təkrar çıxış edərək Avropalıları onlara daha çox dəstək göstərməyə çağıracağını, bu günə qədər olduğu kimi bundan sonra da iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə İraq və Suriya türkmənlərin vəziyyətini hər zaman diqqətə çatdırmağa çalışacağını bildirib və bundan sonra da gücümüzün çatdığı qədər hər zaman yanınızdayıq deyib. Q.Paşayeva rəhbərlik etdiyi təşkilatın İraq Türkmən təşkilatları ilə ortaq layihələrinin artacağını da vurğulayıb və İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyinin sədri ı Mehmet Tütüncü, Türkmənəli Dərnəklər Federasiyasının sədri Kemal Beyatlını, türkmən aydınları Azərbaycana dəvət edib.