Bədbəxt hadisə ilə üzləşən, Şəki rayonu Baş Zəyzid kənd sakini, 1992-ci il təvəllüdlü Fərman Vilayət oğlu İsayevin anası Sədaqət İsayevanın Lent.az-a verdiyi məlumata görə, hadisə may ayının 29-u axşam saatlarında Qax rayonu Əlibəyli kənd inzibati ərazisində fəaliyyət göstərən fermada baş verib.
Fərman İsayev anası gilin fermada yaşadığı evdə pəncərəyə pərdə asmaq istəyən zaman ehtiyatsızlıqdan şüşə sınaraq sol qolunun biləyini kəsib. Xəsarət alan Fərman İsayev Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Bədbəxt hadisə nəticəsində Fərman İsayevin sol qolun bilək nahiyəsinin damar və vətərləri kəsilib, çoxlu qan itirib. Hazırda onun qolunun üzərində cərrahiyə əməliyyatı aparılır və vəziyyəti orta-ağır qiymətləndirilir. Fərman İsayevin vəziyyəti ağır olduğundan əməliyyatdan sonra müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.
Sədaqət İsayev bildirib ki, bir-neçə ay əvvəl əri və qızı ilə birlikdə Şəkinin Baş Zəyzid kəndindən hadisə baş verən fermaya işləməyə gəliblər. Hadisə baş verən gün isə qız nəvəsinin ad günü olub. Fərman İsayev və onun həyat yoldaşı uşağın ad günündə iştirak etmək üçün Şəkinin Baş Zəyzid kəndindən qonaq gəliblər.
Vüqar Heydərov