Qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) və Çellenc kuboku yarışlarının püşkatma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Lüksemburqda təşkil olunmuş tədbirdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib. CEV kuboku yarışlarında ölkəmizi təmsil edəcək Azərbaycan Super Liqasının bürünc medalçısı “İqtisadçı” İspaniyanın “Loqrono” kollektivi ilə qarşılaşacaqdır. Komandamız onaltıdabir final mərhələsindən yarışa qatılacaq və bu rəqibi məğlub edəcəyi halda “Orbita” (Ukrayna) – “Daufines” (Belçika) cütünün qalibi ilə görüşəcək.
CEV kuboku yarışlarında mübarizə aparacaq digər təmsilçimiz “Lokomotiv” də mübarizəyə onaltıdabir final mərhələsindən qoşulacaq. Onun rəqibi Almaniyanın “Rote Raben” kollektivi olacaq. Komandamız rəqibini mübarizədən kənarlaşdırarsa, “Salsit” (Sloveniya) – “Srvena Zvezda” (Serbiya) cütünün güclüsünü sınağa çəkəcək.
Çellenc kuboku yarışlarında mübarizə aparacaq “Azərreyl” isə ilk mərhələdən azaddır və yarışa II təsnifat mərhələsindən qoşulacaq. Azərbaycan Super Liqasının yarımfinalçısı Avstriyanın “İnnsbruk” kollektivi ilə qarşılaşacaq.
CEV kuboku yarışlarının onaltıdabir final mərhələsi və Çellenc kuboku uğrunda turnirin II təsnifat mərhələsinin ilk oyunları noyabrın 11-13-də, cavab görüşləri həmin ayın 25-27-də olacaq.
Komandalarımızın hər üçü birinci qarşılaşmasını səfərdə keçirəcəklər.
Qadın voleybol klublarımızın rəqibləri müəyyənləşdi
0
0
0
0