Prokuror yataqxanada adam öldürmək istəyən şəxsə cəza tələb etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Elnur Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 9-dan 10-na keçən gecə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan E.Əliyev binanın girişində tanışı Namiq Nəcəfova ov tüfəngindən atəş açıb.
Ağır yaralanan N.Cəfərov xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.E.Əliyev cinayəti törətdikdən sonra qaçaraq gizlənib. Lakin post-patrul xidmətinin əməkdaşları onu saxlayıblar.
E.Əliyev N.Cəfərovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib.
576