Rusiya paytaxtında qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov məhkəməyə gətirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Moskvanın Presnenski Rayon Məhkəməsində keçiriləcək prosesdə istintaq orqanlarının Orxan Zeynalovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə iddiasına baxılacaq.
Orxan Zeynalov saat 11:00 radələrində məhkəməyə xüsusi-təyinatlı polis dəstələri - “SOBR” tərəfindən gətirilib. Hazırda məhkəmə binasının önündə və içində yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Məhkəmə binasının ətrafında OMON dəstələri qarovul çəkir. Rusiya polisi belə təhlükəsizlik tədbirlərini son günlər məlum qətl hadisəsindən sonra baş verən iğtişaşlarla əlaqələndirirlər.
Saat 12:00-a təyin olunan proses hələ də başlamayıb. Məhkəmədən APA-nın Moskva müxbirinə bildirilib ki, qətldə şübhəli bilinən Orxan Zeynalov rus dilini zəif bildiyindən, istintaq tərəfinin ona qarşı sürülən ilkin ittiham sənədləri rus dilindən Azərbaycan dilinə tərcümə edilir: “Artıq tərcüməçi tutulub. Bu, bir qədər vaxt aparacaq”.
Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə bildirilib ki, hazırda Orxan Zeynalova vəkil tutulması istiqamətində danışıqlar gedir.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, ilkin istintaq materiallarında qətlin şahidi kimi keçən Yeqor Şerbakovun rəfiqəsi Kseniyanın Orxan Zeynalovla üzləşdirildiyi qeyd olunub. O, qətlin O.Zeynalov tərəfindən törədildiyini bildirib.