APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölümlə nəticələnən ağır yol qəzası bu gün səhər saat 06:40 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 126-cı kilometrliyində, Oğuz rayonu Daşağıl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü, Ağsu rayon sakini Umud Mahud oğlu Soltanov idarə etdiyi “Mercedes” markalı, 10 VZ 232 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidən Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Qəzadan sonra maşın aşaraq ərazidən axan Muxas çayına düşüb. Baş vermiş qəza nəticəsində sürücü Umud Soltanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin - 1977-ci il təvəllüdlü, Oğuz rayon sakini Yadigar Əsədullah oğlu Mustafayev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Şəki RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində yaralanan Yadigar Mustafayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur, müalicəsi davam etdirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.