GÜNÜN ŞƏRHİ
ATƏT-in Minsk Qrupu bizim bəzi qeyri-hökumət təşkilatları və siyasi partiyalara oxşayır, fəaliyyəti yalnız bəyanat verməkdən, press-reliz yaymaqdan ibarətdir. Verdiyi bəyanatlarda da yeganə fərqli məqam sənədin altındakı tarixdir. Həmsədrlərin bütün bəyanatlarında etimad mühitinin yaradılmasının zəruriliyi vurğulanır və bir dəfə də qeyd olunmur ki, öz torpaqlarını ziyarət etməyə getmiş Azərbaycan vətəndaşlarını girov götürən, onlara məhkəmə quran, 9 yaşlı uşağı snayper atəşi ilə öldürən Ermənistanla necə etimad mühiti yaratmaq olar. Və niyə Azərbaycan hərbi büdcəsini artıran kimi həmsədrlər təşviş dolu bəyanat yayır, Gürcüstandan Rusiya hərbi bazalarındakı texnika və sursatın Ermənistana verilməsinə göz yumurlar? Niyə həmsədrlər Ermənistanın vurulmuş vertolyotunun tüstüsü çəkilməmiş bəyanat yaya bilir, amma Ermənistanın işğal etdiyi ərazilərdə irimiqyaslı təlimlər keçirməsinə bir cümləlik münasibət bildirmir? Niyə Anjey Kaspşik vertolyot vurulan və minalarla dolu əraziyə getmək üçün dəridən-qabıqdan çıxır, amma Xankəndidə məhkəməsi keçirilən Dilqəmlə Şahbaza baş çəkmir? Və ən nəhayət. Niyə Ermənistan vertolyotunun vurulması münaqişənin eskalasiyası üçün səbəb sayıla bilir, amma iki Azərbaycan vətəndaşının doğma torpağında girov götürülüb, işgəncəyə məruz qalması, onlar üzərində qanunsuz məhkəmə qurulması münaqişənin qızışması üçün səbəb sayılmır? Məntiq yoxdur, cənab həmsədrlər! Sizin məntiqiniz, bizimsə səbrimiz tükənib.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 Dekabr
0
0
0
0