GÜNÜN ŞƏRHİ
Rusların bir məsəli var, elə rusların öz dilində desək "luçşe pozdno, çem nikoqda..." Vladimir Putini baş düşmək olar. Rusiyanın dövlət başçısı məhz bu prinsipin doğruluğunu anladıqdan sonra Suriyadan qoşunları çəkdi. Rus ordusunun ərəb respublikasında nəyə nail olduğu, Kremlin haradasa ölkəsinin yarısından çoxu əlindən çıxan Bəşər Əsədin işinə hansı səviyyədə yaradığı barədə çox danışmaq olar.
Əslində məsələ tamam başqadır. Onsuz da Qərb tərəfindən tətbiq olunan sanksiyalardan əziyyət çəkən rəsmi Moskva Suriyadakı əməliyyatlara sərf edilən və günü-gündən artan xərclərin ağırlığına buraya qədər dözə bildi. Bu əməliyyatların davam edəcəyi təqdirdə, ölkədəki iqtisadi böhranın daha da dərinləşəcəyini və tətbiq olunan sanksiyaların daha da sərtləşdirilə biləcəyini Rusiya hakimiyyəti hamıdan daha yaxşı anlayır, daha çox hiss edir.
Putinin Suriyadakı əməliyyatlara nə qədər pul xərclənməsi ilə bağlı verdiyi açıqlama da Kreml divarlarının şəffaflığından xəbər vermir. Ötən ilin sentyabrından başlanan genişmiqyaslı hərbi əməliyyatlara külli miqdarda vəsait sərf edildiyini gizlətmək mümkün deyil. Rusiya prezidentinin açıqladığı rəqəmin (33 milyard rubl, bu da haradasa 480 milyon dollar edir) də dəqiq olub-olmadığı mübahisəlidir. O ki qaldı Putinin "lazım gələrsə, bir neçə saatın içində yenidən Suriyaya girərik" bəyanatına, bu, böyük ölkənin başçısının quru qürurunun nümayişindən başqa bir şey deyil...